Heydər Əliyev Beynəlxalq Aeroportu "Formula 1" ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
SİA xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran-Prisi 2026 ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin və uçuş intensivliyinin artacağı gözlənilir:
"Artan sərnişin axınının çevik idarə olunması, əməliyyat proseslərinin fasiləsizliyi və xidmətlərin operativ təşkili məqsədilə aeroport 19–27 sentyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu dövrdə sərnişinlərin rahatlığı və xidmətlərin davamlılığının təmin edilməsi üçün müvafiq struktur bölmələrin fəaliyyəti gücləndiriləcək.
"Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarış proqramı 24–26 sentyabr tarixlərində keçiriləcək. Yarış həftəsi ərzində paytaxtda nəqliyyat axınının intensivləşməsi və mümkün hərəkət məhdudiyyətləri nəzərə alınaraq, sərnişinlərə hava limanına səfərlərini əvvəlcədən planlaşdırmaq və uçuş üçün kifayət qədər əlavə vaxt nəzərdə tutmaq tövsiyə olunur.
Səfərin daha rahat və maneəsiz təşkili üçün sərnişinlərə aşağıdakı tövsiyələr verilir:
Hava limanına əvvəlcədən gəlmək: qeydiyyat, baqaj təhvili və təhlükəsizlik prosedurlarının vaxtında tamamlanması üçün səfərinizi əlavə vaxt nəzərə alaraq planlaşdırın.
Onlayn qeydiyyat və özünəxidmət imkanlarından istifadə etmək: aviaşirkət tərəfindən təqdim olunduğu halda, onlayn qeydiyyat, self check-in və baggage drop-off xidmətlərindən istifadə etməklə qeydiyyat prosesini daha sürətli tamamlaya bilərsiniz.
Uçuş məlumatlarını öncədən yoxlamaq: uçuş statusunu və hansı terminaldan həyata keçiriləcəyini elektron bilet, aviaşirkətin rəsmi saytı və digər rəsmi kanallar vasitəsilə dəqiqləşdirin.
İctimai nəqliyyatdan istifadə etmək: şəxsi avtomobilə alternativ olaraq “28 May” metro stansiyası ilə hava limanı arasında fəaliyyət göstərən Aeroexpress ictimai nəqliyyat xidmətindən yararlana bilərsiniz.
Parklanma qaydalarına riayət etmək: nəqliyyat vasitələrini yalnız müəyyən edilmiş parklanma ərazilərində saxlayın, sərnişinlərin düşürülməsi və götürülməsi üçün isə xüsusi drop-off/pick-up zonalarından istifadə edin. Parkinqdən istifadənin ilk 15 dəqiqəsi ödənişsizdir. Parkinq ödənişlərini “Tezödə”, “AzParkinq” və “Birbank” platformaları vasitəsilə onlayn həyata keçirmək mümkündür.
Xüsusi dəstəyə ehtiyac olduqda əvvəlcədən müraciət etmək: xüsusi qayğıya ehtiyacı olan sərnişinlərə zəruri xidmətlərin vaxtında təşkili üçün uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətlə əlaqə saxlamaq tövsiyə olunur.
Heydər Əliyev Beynəlxalq Aeroportu "Formula 1" dövründə artan sərnişin və uçuş intensivliyinin təhlükəsiz və operativ idarə olunması, xidmətlərin fasiləsiz göstərilməsi və sərnişinlər üçün rahat səyahət təcrübəsinin təmin edilməsi istiqamətində zəruri tədbirləri həyata keçirəcək".