“Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi günlə məhdudlaşmır, bütövlükdə dövlətçilik tarixinin yeni mərhələsini müəyyənləşdirir. 19–20 sentyabr 2023-cü ildə Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri də məhz belə tarixi hadisələrdən biridir”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, cəmi 23 saat davam edən əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası təmin edilib:
”Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə isə 20 sentyabr Dövlət Suverenliyi Günü elan olunub.
T.Rzayev qeyd edib ki, bu hadisənin mahiyyətini anlamaq üçün prosesə yalnız 19 sentyabr 2023-cü ildən deyil, daha geniş tarixi və siyasi kontekstdən yanaşmaq lazımdır.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm dönüş 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə baş verib. Həmin müharibədən sonra imzalanmış 10 noyabr 2020-ci il üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırılıb və regionda yeni reallıq yaranıb. Azərbaycan işğaldan azad edilmiş ərazilərində dövlət quruculuğu və bərpa prosesinə başlayıb.
“Lakin 2020-ci ildən sonra Qarabağda Azərbaycanın dövlət suverenliyinin tam həyata keçirilməsi məsələsi gündəmdə qalmaqda davam edirdi. Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğu, silah-sursat və hərbi texnikanın saxlanılması, eləcə də müxtəlif silahlı təxribatlar regionda təhlükəsizlik üçün ciddi problem yaradırdı. 2023-cü ilin müxtəlif mərhələlərində bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətə də məlumat verilirdi”, - deyə deputat bildirib.
T.Rzayev vurğulayıb ki, 2020-ci ildən sonra qarşıda duran əsas məsələlərdən biri yalnız ərazilərin işğaldan azad edilməsi deyil, həmin ərazilərdə Azərbaycan Konstitusiyasının və dövlət idarəçiliyinin tam bərpa olunması idi.
O bildirib ki, 2023-cü ilin sentyabrında Qarabağda vəziyyət daha da gərginləşib. Sentyabrın 19-da mina partlayışları nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşı həlak olub. Bu hadisələrdən sonra Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başlayıb.
“Antiterror tədbirlərinin əsas məqsədi Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısını almaq, qanunsuz silahlı birləşmələri tərksilah etmək və Azərbaycan ərazisində konstitusiya quruluşunu bərpa etmək idi”, - deyə o əlavə edib.
Deputatın sözlərinə görə, əməliyyatın gedişində Azərbaycan Ordusu qarşıya qoyulan hərbi vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. 19 sentyabrda başlayan antiterror tədbirləri 20 sentyabrda başa çatıb. Cəmi 23 saat ərzində Azərbaycan Ordusu qarşısında duran əsas vəzifələri yerinə yetirib və Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətinə son qoyulub.
“20 sentyabr 2023-cü il bu baxımdan Azərbaycan dövlətçiliyinin tarixində xüsusi yer tutur. Çünki həmin tarixdən etibarən ölkənin bütün ərazisində dövlət hakimiyyətinin və hüquqi rejimin vahid şəkildə təmin olunması üçün yeni mərhələ başladı”, - deyə T.Rzayev vurğulayıb.
O qeyd edib ki, bu hadisə 30 ilə yaxın davam edən işğalın nəticələrinin aradan qaldırılması prosesinin məntiqi davamı kimi tarixə düşüb. 2020-ci ildə ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunan hərbi nəticə 2023-cü ildə dövlət suverenliyinin tam təmin olunması ilə yeni siyasi-hüquqi məzmun qazanıb.
T.Rzayev bildirib ki, 23 saat ərzində əldə edilən nəticə yalnız həmin günün hərbi əməliyyatları ilə izah edilə bilməz. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi uzun illər ərzində aparılan məqsədyönlü ordu quruculuğu siyasətinin nəticəsi olub.
“Azərbaycan 2020-ci il müharibəsindən sonra da Silahlı Qüvvələrdə islahatları davam etdirdi. Ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirildi, hərbi qulluqçuların peşəkarlığının artırılmasına, müasir hərbi texnologiyaların tətbiqinə, maddi-texniki bazanın gücləndirilməsinə və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirildi”, - deyə komitə sədri bildirib.
Onun sözlərinə görə, burada söhbət yalnız silah və texnikadan getmir. Müasir müharibələrdə kəşfiyyat, idarəetmə, dəqiq koordinasiya, şəxsi heyətin hazırlığı, texnoloji imkanlar və müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyəti mühüm rol oynayır. 2020-ci ildə əldə edilmiş hərbi təcrübə də sonrakı mərhələdə Azərbaycan Ordusunun fəaliyyətinin formalaşmasına təsir göstərən amillərdən biri olub.
Deputat qeyd edib ki, suverenlik anlayışı yalnız dövlət bayrağının müəyyən ərazidə dalğalanması ilə məhdudlaşmır. Suveren dövlət öz ərazisində qanunlarının icrasını, dövlət institutlarının fəaliyyətini və təhlükəsizliyi təmin etmək imkanına malik olmalıdır.
“Bu baxımdan 20 sentyabr 2023-cü il Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ oldu. 2024-cü ildə imzalanmış sərəncamla məhz 20 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa edilməsi nəzərə alınaraq həmin gün Dövlət Suverenliyi Günü elan edildi”, - deyə T.Rzayev diqqətə çatdırıb.
O vurğulayıb ki, 20 sentyabr yalnız hərbi əməliyyatın başa çatdığı tarix deyil, Azərbaycan dövlətçiliyi baxımından yeni siyasi-hüquqi mərhələnin başlanğıcı kimi yadda qalıb.
T.Rzayevin sözlərinə görə, suverenliyin bərpasından sonra əsas vəzifələrdən biri hərbi nəticəni sosial-iqtisadi və humanitar quruculuqla tamamlamadır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma layihələri həyata keçirilir, yeni yaşayış məntəqələri salınır, nəqliyyat infrastrukturu yaradılır.
“Qarabağ və Şərqi Zəngəzurda yeni şəhər və kəndlərin salınması, keçmiş məcburi köçkünlərin Böyük Qayıdış proqramı çərçivəsində doğma torpaqlarına qayıtması istiqamətində genişmiqyaslı işlər görülür. İşğal dövründə dağıdılmış yaşayış məntəqələri yenidən qurulur, məktəblər, xəstəxanalar, uşaq bağçaları, inzibati binalar, yollar və digər infrastruktur obyektləri istifadəyə verilir”, - deyə komitə sədri bildirib.
O əlavə edib ki, bu prosesin ən mühüm istiqamətlərindən biri də minalardan və partlamamış hərbi sursatlardan təmizləmə işləridir. Onilliklər ərzində minalanmış ərazilərin təmizlənməsi insanların təhlükəsiz şəkildə doğma torpaqlarına qayıtması, kənd təsərrüfatı fəaliyyətinin bərpası və regionun iqtisadi potensialının reallaşdırılması üçün əsas şərtlərdən biridir.
T.Rzayev qeyd edib ki, Xankəndi və Xocalı kimi şəhərlərin də bu prosesə daxil olması xüsusi tarixi əhəmiyyət daşıyır. 2023-cü ilin sentyabr hadisələrindən sonra Azərbaycan dövlətinin bu ərazilərdə suverenliyi tam bərpa olunub və dövlət idarəçiliyinin formalaşdırılması üçün yeni mərhələ başlayıb.
Onun sözlərinə görə, hərbi əməliyyatların başa çatması region üçün yeni mərhələnin başlanğıcını qoyub. Qarşıda duran əsas məsələlərdən biri əldə edilmiş nəticələrin davamlı sülh və sabitliyə çevrilməsi, Azərbaycan-Ermənistan münasibətlərinin sülh gündəliyi əsasında inkişaf etdirilməsi və regionda uzunmüddətli təhlükəsizliyin təmin olunmasıdır.
“Azərbaycanın diplomatik səyləri və dövlət rəhbərliyinin həyata keçirdiyi siyasət ölkənin gələcək inkişafı üçün yeni imkanlar yaradır. Bu, yalnız Azərbaycanın bu günü üçün deyil, gələcək nəsillərin sülh və təhlükəsizlik şəraitində yaşaması baxımından da mühüm əhəmiyyət daşıyır”, - deyə deputat bildirib.
T.Rzayev vurğulayıb ki, 19–20 sentyabr 2023-cü il hadisələrinin Azərbaycan cəmiyyətindəki əhəmiyyəti yalnız hərbi qələbə anlayışı ilə izah olunmur. Bu tarix 30 ilə yaxın davam edən işğalın, yüz minlərlə insanın məcburi köçkün həyatının, dağıdılmış şəhər və kəndlərin, itirilmiş insanların və pozulmuş həyatların fonunda formalaşmış uzun tarixi prosesin son mərhələlərindən biridir.
“Bu baxımdan 20 sentyabr Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsidir. Dövlət suverenliyinin tam bərpası ölkənin siyasi xəritəsini dəyişməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda yeni sosial, iqtisadi və demoqrafik proseslərin başlanmasına şərait yaradıb”, - deyə komitə sədri qeyd edib.
O bildirib ki, bu gün əsas məsələ əldə olunmuş nəticələrin qorunması, azad edilmiş ərazilərdə davamlı həyatın qurulması, insanların təhlükəsiz və layiqli şəkildə öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi və regionda dayanıqlı sülh mühitinin formalaşdırılmasıdır.
“Tarix göstərir ki, dövlət suverenliyi yalnız onun əldə edilməsi ilə deyil, həm də gündəlik olaraq qorunması, möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi ilə əhəmiyyət qazanır. Azərbaycan üçün 20 sentyabrın tarixi mənası da məhz burada ortaya çıxır: bu tarix bir mərhələnin sonunu, eyni zamanda suverenliyin tam təmin olunduğu yeni inkişaf mərhələsinin başlanğıcını ifadə edir”, - deyə T.Rzayev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın dövlət bayrağının Qarabağın şəhər və kəndlərində dalğalanması bu tarixi prosesin ən görünən simvollarından biridir. Dövlət suverenliyinin bərpası ilə Qarabağda müharibədən sonrakı quruculuq, Böyük Qayıdış və sülhə əsaslanan gələcək üçün yeni səhifə açılıb.