...Şimali Koreya lideri Kim Çen In hakimiyyətdə əvvəlkindən daha çox mövqeyini möhkəmləndirib.
Belə ki, Şimali Koreya iqtisadi gəlirlərini artırır, Rusiya və Çinlə münasibətlərini möhkəmləndirir və nüvə arsenalı genişlənməyə davam edir.
Lakin, bu artımın arxasında öz vətəndaşlarının vəhşicəsinə istismarı dayanır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The New York Times yazır.
Moskva və Pekin beynəlxalq sanksiyalara baxmayaraq Pxenyana milyardlarla dollar qazanmağa kömək edir. Şimali Koreya Ukraynaya qarşı müharibə üçün Rusiyaya əsgər və sursat verir, əvəzində neft, ərzaq və hərbi texnologiya alır.
Bu arada, minlərlə Şimali Koreyalı xaricə işləməyə göndərilir. Rusiyada onlar tikinti sahələrində, fabriklərdə və digər müəssisələrdə gündə 14 saat işləyirlər.
Bir çoxları rəsmi olaraq tələbə vizaları ilə ölkəyə daxil olurlar, lakin təhsil almaq əvəzinə, konteynerlərdə yaşayır və Pxenyanın müəyyən etdiyi maliyyə kvotalarını yerinə yetirirlər.
Rusiyadan Cənubi Koreyaya qaçan keçmiş fəhlələrdən biri The New York Times-a bildirib ki, “...Biz sadəcə iş heyvanlarından başqa bir şey deyildik”.
İstismar Şimali Koreyanın özündə də başlayır. Əmək düşərgələrindəki məhbuslar ölkənin əsas ixrac məhsullarından biri olan pariklər və saxta kirpiklər istehsal edirlər.
Keçmiş məhbusların sözlərinə görə, gündəlik kvotalarını yerinə yetirməyənlər döyülür və onların ərzaq payı kəsilir. Şimali Koreya hakimiyyəti BMT sanksiyalarına baxmayaraq, kömür və dəmir filizi hasilatından da qazanc əldə edir.
Peyk məlumatları göstərir ki, Çin şirkətləri Şimali Koreya kömürünü almağa davam edir.
İT mütəxəssisləri ayrıca gəlir mənbəyinə çevriliblər. Pxenyan onları Çinə, Rusiyaya və Yaxın Şərqə göndərir və orada kiberhücumlar və kriptovalyuta oğurluğu da daxil olmaqla, rejim üçün pul qazanırlar.
...Kağız üzərində Şimali Koreya hər şeyin pulsuz olduğu bir ölkədir. Əslində, onun sistemi öz xalqından resursları sıxışdırmaqla yaşayır, - keçmiş Şimali Koreya diplomatı Ryu Hyun-vu deyib bunu.
The New York Times müəllifləri yazır ki, “...Kim Çen Inın iqtisadi uğurunun arxasında adi Şimali Koreyalıların əməyinin dövlət və onun hərbi maşını üçün gəlir mənbəyinə çevrildiyi bir sistem dayanır”.
Əli Babayev