"Biz öz ərazilərimizi işğaldan azad edərək konstitusion hüquqlarımızı bərpa etmişik" - MİLLƏT VƏKİLİ

18 Sentyabr 2026 15:02 (UTC+04:00)

"Azərbaycan torpaqlarını Ermənistan nəinki 30 il işğal altında saxladı. Həm də bu 30 il ərzində işğal olunan ərazilərdəki yaşayış məntəqələrini darmadağın edərək taladılar. Tarixi və mədəni abidələri yerlə-yeksan etdilər. İslam dininin müqəddəs ibadət yerləri olan məscidləri dağıdaraq, orada donuzlar otarmaqla təhqir etdilər. Bu, həm də İslam dininin dəyərlərinin təhqiri idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

Onun sözlərinə görə, Xocalı, Xocavənd, Qaradağlı və digər yaşayış məntəqələrində soyqırımlar törədərək 700 mindən çox dinc insanı 30 il ərzində ağır köçkün həyatı yaşamağa məcbur etdilər: "O cümlədən, Ermənistanda yaşayan 300 mindən çox azərbaycanlını öz yurdlarından qovaraq etnik təmizləmə apardılar. Qərbi Azərbaycanda da dini-tarixi abidələr, qəbiristanlıqlar yerlə-yeksan olundu.

Azərbaycan beynəlxalq tribunalarda bu məsələləri gündəmə gətirir və beynəlxalq ictimaiyyəti Ermənistanın bu vandalizmini dayandırmağa çağırırdı. O cümlədən, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmasını tələb edirdi.

ATƏT-in Minsk qrupuna verilmiş mandat torpaqlarımızdakı işğalla xalqımızı barışdırmağa hesablanmışdı. Amma xalqımız heç vaxt ərazilərimizdəki erməni işğalı ilə barışa bilməzdi. Ona görə də 2020-ci il sentyabrın 27-də xalqımız “Dəmir yumruq”a çevrildi və 44 gün ərzində ərazilərin bütövlüyü təmin olundu.

Beynəlxalq təşkilatların və Qərbin səsi məhz bundan sonra çıxmağa başladı. Uzun illər beynəlxalq hüququ, insan azadlıqlarını qorumalı olan beynəlxalq təşkilatlar sanki erməni həmrəyliyini nümayiş etdirərək cinayətkarlara və separatçılara haqq qazandırmaq üçün Azərbaycanı hədəfə almağa başladılar.

BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamələr qəbul etdirilməsinə çalışdılar. AŞPA-da Azərbaycana qarşı qətnamələrin qəbul olunması adi hala çevrildi. Xüsusilə 20 sentyabr 2023-cü ildə ərazilərimizdə suverenlik təmin olunandan sonra anti-Azərbaycan kampaniyasını daha da genişləndirdilər.

Avropa Şurası Azərbaycana qarşı sanksiya tətbiq etdi. Təbii ki, bütün bu baş verənlər Avropa Parlamentində davam edən korrupsiya və rüşvətxorluqla birbaşa bağlıdır. Erməni lobbisindən aldığı mükafatlar əvəzində Azərbaycanı hədəfə almaq, xalqımıza qarşı soyqırımlar törədən hərbi cinayətkarları əsir adlandıraraq onlara bəraət istəməklə onlar da separatçıların törətdikləri cinayətlərə şərik çıxdılar.

Təbii ki, Azərbaycan beynəlxalq hüquqa və ədalətə hörmətlə yanaşan vicdanlı ölkədir. Məhz ona görə də 33 il səbr nümayiş etdirərək pozulmuş hüquqların dinc yolla həll olunmasını istəyirdi. Amma Qərbin ikiüzlülüyü nəticəsində həll olunmayan bu ədalətsizliyi Azərbaycan dövləti öz gücü ilə həll etdi.

Biz qeyri-adi heç bir iş görməmişik. Sadəcə, öz ərazilərimizi işğaldan azad edərək konstitusion hüquqlarımızı bərpa etmişik. Amma bizim bu konstitusion hüquqlarımız Qərbin beynəlxalq təşkilatları tərəfindən həzm olunmur və ölkəmizi insan haqlarının pozulmasında ittiham edən səslər eşidilir.

Sual olunur: 33 il soyqırımlara məruz qalaraq, öz doğma yurdlarından didərgin salınaraq hüquqları pozulmuş azərbaycanlını insan hesab etmədinizmi?

Təbii ki, bizim insanlığımız bizim hərəkətlərimizdə və üzümüzdədir. Amma onların üzü bir deyil, ikiüzlüdürlər. Çünki Ukraynaya gələndə ərazi bütövlüyü pozulduğuna görə bütün Qərb birləşərək müharibəyə qoşuldu, Rusiyaya sanksiyalar tətbiq olundu. Bu gün də işğala məruz qalan tərəfə silahlar və maliyyə yardımları göndərilir.

Bəs siz 33 il ərzində digər bir işğalçı olan Ermənistana qarşı niyə etmədiniz? Təbii ki, bu, riyakarlığın göstəricisidir. Çünki bu gün dünyada “kim güclüdürsə, o da haqlıdır” siyasəti üstündür.

Təbii ki, Azərbaycan heç nəyi güc yolu ilə qəbul etdirmək niyyətində deyil. Çünki Azərbaycanın kifayət qədər hərbi və iqtisadi gücü var və xalq “Dəmir yumruq” kimi həmrəydir.

Amma Azərbaycan müharibə səhifəsinin bağlandığını bəyan edib və sülh gündəliyini qarşı tərəfə təqdim edib. Bizim gələcəyə baxışlarımız müharibə və güc üzərində deyil, hüquq, sülh və əməkdaşlıq üzərindədir.

Bu baxımdan, hədəfimiz kimin nə deməyindən asılı olmayaraq, Cənubi Qafqazda müharibəsiz sülh və əməkdaşlıq mühiti qurmaqdır.