Tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli mama-ginekoloq Nailə Əzizovanın SİA-ya müsahibəsini təqdim edirik:
– Hamiləliyi planlaşdıran qadın ilk növbədə nələrə diqqət etməlidir?
– Hər bir qadın hamiləlikdən qabaq, hamiləliköncəsi, təbii ki, müayinələrdən keçməlidir. Əfsuslar olsun ki, klinik protokol şəklində bir-bir protokolumuz, standart qanunlarımız yoxdur. Amma hansı hallarda hansı müayinələrin keçirilməsinə, nəyə ehtiyac olduğuna mən indi aşağıda vurğulamaq istəyirəm.
Hamiləlikönü hazırlıq dövrü preqravidar dövrdür. Bu dövrdə hər bir hamiləlik planlaşdıran qadın mütləq qaydada müəyyən analizlərdən keçməlidir.
– İlk növbədə hansı analizlər verilməlidir?
– Qanın ümumi analizi verilməlidir. Qanın ümumi analizi zamanı hemoglobinin aşağı olması qanazlığı göstəricisidir. Əgər hemoglobin azdırsa, qan azdır. Bu zaman anemiyanın növünü müəyyən etmək lazımdır.
Əgər dəmir çatışmazlığı anemiyasıdırsa, müəyyən edilməsi üçün dəmir və ferritin analizi verilir. Bunlar, təbii ki, az çıxarsa, bu zaman mütləq hamiləlikönü hazırlıq dövründə korreksiya olunmalıdır. Əks halda hamiləliyin inkişafında ananın durumu təhlükəli vəziyyətə düşə bilər.
Hemoglobinin azlığı xroniki hipoksiya şəraitində sinir sistemində zədələnmiş bir durumun formalaşmasına gətirib çıxara bilər. Anada ağır qanazlığı doğulmuş uşağa səbəb ola bilər. Bu, arzuolunmazdır. Ana-uşaq travmatizminin bir növəsini qoya bilər.
– Bəs anemiyanın digər növləri aşkarlandıqda nə etmək lazımdır?
– Əgər qanda, məsələn, meqaloblastik anemiya diaqnozlanırsa, fol turşusu çatışmazlığı varsa, bu zaman fol turşusu, vitamin yazmaqla bu qanazlığı da korreksiya olunmalıdır.
Əksinə, başqa növ, məsələn, talassemiyanın bir forması aşkarlanırsa, o zaman bu xəstələrin daşıyıcısı olub-olmamasını müəyyən etmək lazımdır. Əgər hər iki fərd talassemiya daşıyıcısıdırsa, o adamların uşaq dünyaya gətirməsinin fizioloji olması tövsiyə olunur. Çünki bəzi hallarda bu zaman talassemiyalı xəstə uşaqların doğulması ehtimalı var.
– Qan qrupu və rezus faktoru da əvvəlcədən müəyyən edilməlidirmi?
– Bəli. Hər iki tərəf qan qrupu və rezus faktoru verməlidir. Məsələn, əgər ana və ata hər ikisi müsbətdirsə, heç bir problem yoxdur, hər ikisi neqativ olarsa, elə bir problem yoxdur. Amma ana müsbət, ata mənfi olarsa, yaxud da ana mənfi, ata müsbət olarsa, bu zaman rezus faktoru ilə bağlı gələcəkdə hamiləlikdə hansı durumlarla qarşılaşılacaq, hansı tədbirlər tətbiq olunacaq, nələr ediləcək – ana artıq təlimləndirilməli, məlumatlandırılmalıdır.
– Hamiləlikdən əvvəl infeksiyalarla bağlı hansı müayinələr aparılmalıdır?
– Hər bir hamiləliyi planlaşdıran qadın mütləq qaydada qanında TORCH infeksiyalarına görə analiz verməlidir. TORCH infeksiyası dedikdə burada toksoplazma, xlamidiya, rubella, sitomeqalovirus, genital herpesin ikinci tipi nəzərdə tutulur.
Məsələn, əgər rubella IgG forması mənfi çıxarsa, o zaman ana peyvənd olunmalı, üç ay qorunmalıdır. Ancaq ondan sonra təkrar rubella IgG analizini verərək hamiləliyə buraxılması tövsiyə olunmalıdır.
– Daha hansı infeksiyalar mütləq yoxlanılmalıdır?
– Bundan başqa, hər iki cütlük mütləq qaydada qanında hepatit B, hepatit C, EBV, HIV, həmçinin sifilisə görə analiz verməyə tövsiyə olunur. Ona görə ki, belə infeksiyaların bir neçəsi ananın sağlamlığına ciddi zərər vura bilər.
Əgər belə bir hal olarsa, məsələn, HIV yaxud da sifilis olarsa, anadan gəlmə HIV-li, sifilisli uşaq da ola bilər. Ona görə də belə bir infeksiya çıxarsa, mütləq infeksionistə müraciət edib həmin hamiləlikdən birinci müalicə alınması, tam təhlükəsiz bir dövr yaşadılması, ancaq ondan sonra hamiləliyin planlaşdırılması tövsiyə olunur.
– Cinsi yolla keçən infeksiyalarla bağlı hansı müayinələr aparılmalıdır?
– Hamiləliyi planlaşdıran qadın mütləq yaxmadan ureaplazma, mikoplazma, xlamidiya analizini, beta-streptokok analizlərini verməlidir. Çünki bu infeksiyaların olması vaxtından əvvəl doğuş təhlükəsinin yaranması, infeksiyalı uşaqların dünyaya gəlməsinə zəmin yarada bilər. Ona görə profilaktik müayinə olunub, müalicə olunub hamiləliyi planlaşdırarsa, daha düzgün olar.
– Endokrinoloji müayinələrə də ehtiyac varmı?
– Bəli. Hamiləliyi planlaşdıran insanlar, hamilə qadınlar mütləq endokrinoloji müayinələrdən keçməlidir. Ən azından onlar qanında şəkər və TSH hormonu verməlidir.
Qanda şəkər varsa, o zaman şəkər, hiperglikemik vəziyyət hamiləliyin gedişatına necə təsir göstərər, ananı təlimləndirməli, hamiləlik üç trimestrə bölünməli və bu hiperglikemik vəziyyətin birinci, ikinci trimestrdə fərqli aparılması qadınlara izah edilməlidir. Bu zaman necə qidalanmalıdır, stresə necə yanaşmalıdır və təbii ki, bir də kompleks tibbi yardım da əsas gətirməlidir.
Əks təqdirdə ananın sağlamlığı daha pisləşə bilər və şəkərli diabet nəticəsində bətn daxilində ölümlərin olması ola bilər. Yəni bunun qarşısı alınmalıdır.
– TSH hormonunun yoxlanılması nə üçün vacibdir?
– TSH hormonu da öz yerində. Təbii ki, analizi verilməlidir, mütləq qaydada hər bir hamilə. Çünki son zamanlar COVID-dən sonra bədənin orqanizmi vitamin D-ni tam mənimsəyə bilmir. Vitamin D çatışmazlığı olan analarda ağır toksikozlara, hamiləliyin gedişatında inkişafdan qalmalara, bətn daxili ölümlərə, düşüklərə səbəb olur.
– Qanın laxtalanması ilə bağlı hansı müayinələrə ehtiyac var?
– Son zamanlar daha da pisləşən, qan qatılaşması ilə bağlı vəziyyət məcbur edir ki, hər bir hamilə hamilə olmamışdan öncə bir dəfə koaquloqramma, dediyim analizini verməlidir. Ehtiyac varsa, trombofiliya panelindən keçməlidir.
Onu etməyəndə bətn daxili inkişafdan qalmalar, ölümlər, düşüklər çoxalmış olur.
– Hansı hallarda genetik müayinəyə ehtiyac yaranır?
– Təbii ki, əgər hamiləliyi planlaşdıran xanımın yaşı 35 yaşdan yuxarıdırsa, ya özünün anamnezində, ya həyat yoldaşının, ya ətrafında qüsurlu uşaq doğulubsa, birinci dərəcəli qohum evliliyidirsə, mütləq belə cütlük genetik testdən keçirilməlidir.
– Hamiləlikdən əvvəl digər mütəxəssislərin müayinəsindən keçmək lazımdırmı?
– Bundan başqa, fərdi olaraq, əgər həmin bir xanımın nəsə bir problemi varsa, məsələn, dişlə bağlıdırsa – stomatoloqun, boğazla bağlıdırsa – otorinolarinqoloqun, ürəklə bağlıdırsa – kardioloqun, böyrəklə bağlıdırsa – nefroloqun, tamamilə bağlı – ginekoloqun müayinəsindən keçməlidir.
Əgər problem yaranarsa, buna uyğun müalicə almalıdır. Çünki bütün bu durumlar müayinə və müalicəni hamiləlik dövründə çox çətinləşdirir.
– Sonda hamiləliyi planlaşdıran qadın üçün əsas müayinələri necə sıralamaq olar?
– Beləliklə, yekun şəkildə deyə bilərəm ki, hər bir hamiləliyi planlaşdıran qadın qan ümumi analizi, rezus faktoru, qanda dəmir, ferritin, TORCH infeksiyası, hepatit B, C, EBV, HIV infeksiyası, yaxmada ureaplazma, mikoplazma, xlamidiya, digər infeksiyaların təyini analizini verməlidir.
Bundan başqa, həmin hamilə qanda şəkər, TSH, vitamin D, koaquloqramma dediyim analizdən də keçməlidir. Ehtiyac olduğu halda tibbi göstəriş üzrə şəkər yüklənməsi, genetik test və digər həkim tərəfindən də konsultasiya olunmalıdır.
Düzgün qurulmuş preqravidar hazırlıq hamiləliyin gedişatına müsbət təsir göstərər, doğuşu rahatlaşdırar, intranatal, perinatal fəsadların qarşısını almış olarıq.
Ayşən Vəli