"Tarix göstərir ki, elə hadisələr var ki, onların əhəmiyyəti baş verdiyi günlə məhdudlaşmır. Zaman keçdikcə həmin hadisələrin dövlətin siyasi taleyində hansı mərhələni təşkil etdiyi, hansı yeni mərhələnin başlanğıcını qoyduğu daha aydın sezilir. Zənnimcə, 19–20 sentyabr 2023-cü il hadisələrinə də məhz bu prizmadan yanaşmaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı deyib.

Onun sözlərinə görə, 2020-ci ilin 44 günlük Vətən müharibəsi mövcud tarixi ziddiyyətin aradan qaldırılmasında həlledici dönüş yaratdı: "Azərbaycan ərazilərinin böyük hissəsini işğaldan azad etdi və regionda uzun illər mövcud olmuş hərbi-siyasi reallığı dəyişdirdi. Lakin dövlətçilik baxımından proses hələ tam yekunlaşmamışdı. Qarabağın müəyyən hissəsində Azərbaycan Respublikasının konstitusiya quruluşundan kənar silahlı və separatçı strukturların mövcudluğu dövlət suverenliyinin bütün ərazidə eyni şəkildə həyata keçirilməsinə mane olurdu.
19–20 sentyabr 2023-cü ilin tarixi mənası məhz burada görünür. Həmin hadisələrdən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri ilə onun suverenliyinin faktiki coğrafiyası nəhayət üst-üstə düşdü. Bu, olduqca mühüm dövlətçilik hadisəsidir. Çünki ərazi bütövlüyü yalnız torpağın dövlətə mənsubluğu demək deyil, bu məqamda suverenlik həmin ərazidə dövlətin qanunlarının, institutlarının və konstitusion hakimiyyətinin real şəkildə fəaliyyət göstərməsi nəzərdə tutur.
Bu baxımdan 2020-ci il ilə 2023-cü il eyni tarixi prosesin iki ayrı pilləsi kimi görünür. 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində həlledici hərbi-siyasi nəticə əldə etdi, 2023-cü ilin sentyabrında isə dövlət suverenliyinin bütün ölkə ərazisində təmin olunması üçün mövcud olan son maneələr aradan qalxdı. 15 oktyabr 2023-cü ildə Azərbaycan Dövlət Bayrağının Xankəndidə və digər ərazilərdə qaldırılması da bu prosesin sadəcə rəmzi deyil, dövlətçilik məzmununu ifadə edən hadisə oldu.
Burada diqqət çəkilməli başqa bir mühüm məqam da odur ki, Azərbaycan tarixinin son iki yüz ilində ərazi, sərhəd və siyasi hakimiyyət məsələləri dəfələrlə xalqımızın taleyini müəyyən edən əsas problemlər sırasında olub. XX əsrin əvvəllərində qurulan Azərbaycan Xalq Cümhuriyyəti bütün əraziləri üzərində tam və davamlı dövlət hakimiyyətini təmin etməyə macal tapmadı. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan isə qısa müddət sonra ərazilərinin işğalı ilə üzləşdi. Bu tarixi fonda 2023-cü ilin sentyabrında dövlət hakimiyyətinin ölkənin bütün suveren ərazisinə şamil olunması hadisənin miqyasını daha aydın göstərdi.
Ona görə də mən 19–20 sentyabrı yalnız hərbi əməliyyatların baş verdiyi iki gün kimi deyil, Azərbaycan dövlətçiliyinin uzun bir tarixi mərhələsinin tamamlandığı zaman kəsiyi kimi qiymətləndirərdim. 1991-ci ildə hüquqi-siyasi müstəvidə bərpa etdiyimiz müstəqillik, uzun və mürəkkəb mübarizədən sonra bütün ölkə ərazisində real dövlət suverenliyi ilə tamamlandı.
Bu mənada 19–20 sentyabr 2023-cü il Azərbaycan dövlətçiliyinin müasir tarixində sadəcə hərbi hadisə deyil. Bu tarix dövlətin ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşunun ərazi üzrə vahidliyinin təmin olunduğu mühüm mərhələdir".