"Azərbaycan–Türkiyə strateji müttəfiqliyi artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, bütövlükdə regional təhlükəsizlik və geosiyasi proseslər kontekstində əhəmiyyət daşıyır. Ceyhun Bayramov və Hakan Fidanın müzakirə etdiyi gündəlikdən də görünür ki, qarşıdakı mərhələdə əsas prioritetlər siyasi koordinasiyanın gücləndirilməsi, regional təhlükəsizliyin təmin olunması və yeni geosiyasi reallıqların möhkəmləndirilməsi olacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, digər mühüm istiqamət nəqliyyat və enerji bağlantılarının genişləndirilməsidir: "Orta Dəhliz, Bakı–Tbilisi–Qars, Naxçıvan bağlantıları və enerji layihələri Azərbaycanla Türkiyəni Avrasiyanın əsas iqtisadi marşrutlarından birində daha sıx birləşdirir. Qarşıdakı dövrdə məqsəd bu potensialı real iqtisadi imkanlara çevirmək olacaq.
Eyni zamanda, müdafiə sənayesi, yüksək texnologiyalar, kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı əməkdaşlıq daha da aktuallaşa bilər. Müasir təhlükəsizlik mühiti göstərir ki, strateji müttəfiqlik artıq yalnız hərbi təlimlərlə deyil, texnologiya və informasiya imkanları ilə də ölçülür.
Nəhayət, Azərbaycan və Türkiyənin Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda koordinasiyası qarşıdakı dövrün əsas istiqamətlərindən biri olacaq. Yəni Bakı–Ankara münasibətlərinin növbəti mərhələsində əsas məsələ mövcud siyasi həmrəyliyi konkret iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və diplomatik layihələrə çevirməkdir".