“Azərbaycanın TDT-də fəal rolu təşkilatın yeni gündəliyi ilə bağlıdır” -ŞƏRH

18 Sentyabr 2026 12:54 (UTC+04:00)

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı mesajlarında Azərbaycanın təşkilat daxilindəki roluna xüsusi diqqət yetirilməsi ölkənin təşkilat çərçivəsindəki fəal mövqeyi ilə əlaqələndirilir.

Bu barədə SİA-ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın TDT çərçivəsində həm platforma, həm təşəbbüskar, həm də etibarlı tərəfdaş kimi çıxış etməsi təşkilatın son illərdə formalaşan yeni geosiyasi və iqtisadi gündəliyi ilə birbaşa əlaqəlidir.

Politoloq qeyd edib ki, TDT-nin beynəlxalq nüfuzunun artırılması, nəqliyyat və enerji bağlantılarının inkişaf etdirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi və üzv dövlətlər arasında praktiki əlaqələrin genişləndirilməsi Azərbaycanın təşkilat daxilində fəal rolunu ön plana çıxarır.

Yusif Bağırovun sözlərinə görə, Prezident İlham Əliyev TDT ölkələrinin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən təşkilatın beynəlxalq arenada rolunun və yerinin gücləndirilməsinin üzv dövlətlərin ümumi mövqeyi olduğunu bildirib. Dövlət başçısı, həmçinin enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və ümumi təhlükəsizliyin bir-birindən ayrı nəzərdən keçirilə bilməyəcəyini vurğulayıb.

Politoloq hesab edir ki, bu yanaşma Azərbaycanın TDT-yə münasibətinin yalnız mədəni və siyasi həmrəyliklə məhdudlaşmadığını, təşkilatı konkret strateji və iqtisadi mexanizmlərlə möhkəmləndirilən platforma kimi gördüyünü göstərir.

O bildirib ki, Azərbaycanın TDT daxilində mövqeyini müəyyən edən əsas amillərdən biri ölkənin coğrafi yerləşməsidir. Azərbaycanın Mərkəzi Asiya ilə Türkiyə və daha geniş mənada Avropa arasında mühüm bağlantı imkanlarına malik olduğunu deyən politoloq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının, Xəzər üzərindən Mərkəzi Asiya ilə əlaqələrin və enerji infrastrukturunun TDT daxilində iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün praktiki imkanlar yaratdığını diqqətə çatdırıb.

“Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın məqsədi nəqliyyat-logistika imkanlarını daha da genişləndirmək və ölkə ərazisindən daşınan yüklərin həcmini artırmaqdır”, – deyə Yusif Bağırov vurğulayıb.

Politoloq Azərbaycanın TDT daxilində təkcə tranzit ölkə deyil, müxtəlif maraqları birləşdirən bağlantı platforması funksiyasını da yerinə yetirdiyini qeyd edib. Onun sözlərinə görə, Mərkəzi Asiyanın enerji və xammal resurslarının dünya bazarlarına çıxarılması, Avropa ilə Asiya arasında alternativ nəqliyyat marşrutlarının inkişafı və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi Azərbaycanın təşkilatın iqtisadi gündəliyində əhəmiyyətli rolunu artırır.

Yusif Bağırov təhlükəsizlik əməkdaşlığının da TDT-nin gündəliyində mühüm istiqamətlərdən birinə çevrildiyini bildirib. Onun fikrincə, TDT ölkələrinin təhlükəsizlik üzrə rəhbər şəxslərinin iştirakı ilə keçirilən tədbirlər təşkilatın fəaliyyətinin yalnız iqtisadi və humanitar məsələlərlə məhdudlaşmadığını göstərir.

“Beləliklə, Azərbaycanın TDT-də mərkəzi və etibarlı platforma rolu üç istiqamətin kəsişməsində formalaşır. Bunlar siyasi dialoq, iqtisadi-bağlantı imkanları və təhlükəsizlik əməkdaşlığıdır. Azərbaycanın təşəbbüsləri bu istiqamətləri bir-birindən ayrı deyil, vahid regional əməkdaşlıq sistemi kimi nəzərdən keçirməyə imkan verir”, – deyə politoloq əlavə edib.