"Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində torpaqların qorunması, milli birliyin təmini və müstəqilliyin möhkəmləndirilməsi uğrunda çoxsaylı mübarizələr aparılmışdır. Lakin müasir tariximizdə dövlət suverenliyinin və ərazi bütövlüyünün nöqtə qoyulması baxımından 19–20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri müstəsna və rəmzi bir mərhələ təşkil edir. Bu 24 saatlıq hərbi-siyasi əməliyyat sadəcə növbəti hərbi uğur deyil, Azərbaycanın öz ərazisində separatizmin kökünü birdəfəlik kəsdiyi və beynəlxalq hüququ təkbaşına icra etdiyi yekun zəfər mərhələsidir". Bu sözləri SİA-ya açıqlamasında tarixçi alim Zaur Əliyev deyib.
.jpg)
Onun sözlərinə görə, 2020-ci ilin noyabrında əldə edilmiş Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu: "Lakin həmin vaxt Qarabağın bir hissəsində Ermənistan silahlı qüvvələrinin qalıqları və separatçı silahlı struktur mövcudluğunu davam etdirirdi. Bu isə Azərbaycanın öz ərazisində tam suverenliyinin təmin olunması qarşısında ciddi problem olaraq qalırdı. 2023-cü ilin sentyabrında baş verən hadisələr bu mərhələyə də son qoydu.
19 sentyabr 2023-cü ildə qanunsuz xuntanın törətdiyi mina terroru və təxribatlara cavab olaraq başladılan antiterror tədbirləri cəmi bir gün ərzində separatçı qüvvələrin tam ağ bayraq qaldırması, tərksilah olunması və qondarma rejimin özünü buraxması ilə nəticələndi. Bununla da Azərbaycanın konstitusiya quruluşu ölkənin hər bir qarışında bərqərar oldu. 19–20 sentyabr 2023-cü il hadisələri Azərbaycanın Ermənistanla apardığı otuzillik münaqişəyə birdəfəlik nöqtə qoyan yekun akkord oldu. Bu addım regional sülhün qarşısındakı ən böyük maneəni aradan qaldırdı və Ermənistanı regionun yeni geosiyasi reallıqları ilə barışmağa məcbur etdi. Azərbaycan bu şərəfli mərhələ ilə öz daxili suverenliyini tam təmin etmiş qüdrətli lider dövlət kimi Cənubi Qafqazın gələcək inkişaf xəttini diktə etmək gücünü bütün dünyaya nümayiş etdirdi.
Bu hadisənin mühüm tərəflərindən biri ondan ibarət idi ki, Azərbaycan ərazisində dövlət hakimiyyətinin vahidliyinin təmin olunması üçün yeni mərhələ başladı. Uzun müddət ərzində müxtəlif səbəblərdən Azərbaycan qanunlarının tam tətbiq olunmadığı ərazilərdə dövlət institutlarının fəaliyyətinin bərpası üçün imkan yarandı. Dövlət Bayrağının həmin ərazilərdə ucaldılması isə bu dəyişikliklərin simvolik ifadələrindən biri oldu. 2023-cü ilin oktyabrında Prezident İlham Əliyev Xocavənd şəhərində və Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırması uzunmüddətli proseslərə son İMZA oldu. Artıq Azərbaycan suveren bir dövlətdir və bizim ərazi bütövlüyümüz bərpa edilib".