"İnsanların özbaşına antibiotik qəbul etməsi yolverilməzdir. Bu, ən azı bir sıra fəsadlara gətirib çıxara bilər. İlk növbədə, bu, qeyri-rasional antibiotik istifadəsi deməkdir. Yəni xəstə əgər onun xəstəliyinə uyğun olmayan antibiotikdən istifadə edirsə, bu, mütləq qaydada fəsadlara səbəb olacaq". Bu sözləri SİA-ya açıqlamasında Professor, Pulmonoloq Əlizamin Sadıqov deyib.
Onun sözlərinə görə, adətən xəstə bir antibiotiki 5 gün istifadə edir və bundan effekt olmadıqda digər antibiotikin seçiminə keçir və onu da 5 gün qəbul edir: "Yenə də sağalmır və hətta üçüncü dəfə də antibiotiki dəyişir. Amma sağalmaq əvəzinə, əksinə, xəstəliyin simptomları artır, ağırlaşır. Çünki onda olan xəstəlik tam başqadır və tam fərqli müalicəyə ehtiyacı var.
Uzun müddət, uyğun olmayan və eyni zamanda bir neçə antibiotikin birlikdə istifadəsi xəstələrdə allergik xəstəliklərin kəskinləşməsinə, müxtəlif toksik effektlərə və orqan zədələnmələrinə — böyrək çatışmazlığı, qaraciyərdə toksik hepatitlər, dəri zədələnmələri, miokarditlər və sinir zədələnmələri — gətirib çıxara bilər. Ən təhlükəlisi isə çox çətin sağalan bağırsaqların Clostridium difficile infeksiyasına, yəni disbakterioza səbəb ola bilər.
Bu halların yaranmasına təəssüf ki, bizim praktik həkimlərimiz də səbəb olurlar. Xəstəyə lazım olmayan halda, məsələn, allergik xəstəyə antibiotiklər təyin edilir. Birinci antibiotik kömək etmədikdə ikincisi təyin edilir və hətta eyni zamanda iki və ya üç antibiotik birlikdə təyin edilir. Bu, tamamilə yanlış müalicədir. Çünki allergiya antibakterial müalicə üçün ünvan deyil və xəstə daha da ağırlaşır.
Ona görə də bu gün antibiotiklərin təyini zamanı mütləq qaydada onlardan rasional istifadəni nəzərdə tutan rəhbərliklərə istinad edilməlidir və bu proqramlar mütləq işlənib hazırlanmalıdır. Apteklərdə antibiotiklərin satışına ciddi nəzarət olmalıdır.
O ki qaldı inhalyasion dərmanların səmərəsiz olaraq istifadəsinə, o haqda nəyi deyə bilərəm? İnhalyasion dərmanlar, xoşbəxtlikdən, antibiotiklər qədər sistem effektlər vermirlər. Amma, məsələn, salbutamoldan gün ərzində astma xəstəliyində boğulmaları aradan qaldırmaq üçün çoxsaylı istifadə edilərsə, bu, mütləq sistem effekt verə bilər. Məsələn, əllərdə əsmə, qan təzyiqinin enməsi, taxikardiya və ritm pozğunluqları kimi hallar yarana bilər.
Bu effekt daha çox o insanlarda baş verir ki, onlarda qanda kaliumun miqdarı kifayət qədər deyil, yəni hipokalemiya var.
Digər hallarda inhalyasion dərmanlardan yersiz olaraq istifadə edilməsi halları da var. Amma söyləyim ki, bu antibiotiklər qədər ciddi təsir göstərmir. Ona görə ki, inhalyasion dərmanlar lokal müalicədir və mütləq həkim tərəfindən təyin edilməlidir".