Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Prezidentinin yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı və Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib.
Politoloq Turan Rzayev SİA-ya açıqlamasında bildirib ki, görüş TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından diqqət çəkir.
Onun sözlərinə görə, Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir. Təşkilatın fəaliyyəti artıq yalnız mədəni və tarixi əlaqələrlə məhdudlaşmır, təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq istiqamətləri də ön plana çıxır.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyev çıxışında TDT-nin beynəlxalq arenadakı rolunun gücləndirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı həmçinin təşkilat daxilində təhlükəsizlik sahəsində əməkdaşlığın yeni səviyyəyə yüksəldiyini diqqətə çatdırıb.
Rzayevin fikrincə, TDT-yə üzv ölkələrin təhlükəsizlik şuraları arasında müntəzəm görüşlərin keçirilməsi ortaq təhdid və risklərin müzakirəsi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyev də təhlükəsizlik məsələlərinin TDT çərçivəsində əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu bildirib.
Politoloq vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi, Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə fəal əlaqələri ölkəni TDT daxilində nəqliyyat və enerji layihələrinin inkişafında mühüm tərəfdaşlardan birinə çevirir.
Onun sözlərinə görə, Mərkəzi Asiya ilə Türkiyə arasında əlaqələrin genişlənməsi Azərbaycanın tranzit imkanlarının əhəmiyyətini artırır. Xəzər üzərindən nəqliyyat və enerji bağlantılarının inkişafı isə TDT ölkələri arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edə bilər.
Rzayev qeyd edib ki, Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla ikitərəfli münasibətləri də TDT çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafına təsir göstərir.
Politoloqun fikrincə, son günlər Bakıda TDT ölkələrinin dini liderlərinin, daha sonra isə təhlükəsizlik şuralarının katiblərinin görüşlərinin keçirilməsi təşkilat daxilində əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndiyini göstərir.
O əlavə edib ki, təhlükəsizlik şuralarının katiblərinin Bakıda keçirilən Beşinci Toplantısında beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.