Ağ Ev Ukraynadakı müharibə bitməzdən əvvəl Rusiya ilə iqtisadi müqavilələr bağlamağı düşünür. Vaşinqton bunun Kremlin sülhə razılaşması üçün əlavə stimul yarada biləcəyinə inanır. The New York Times qəzetinin danışıqlara yaxın iki şəxsə istinadən verdiyi məlumata görə, Donald Tramp administrasiyası Ukraynadakı müharibə bitməzdən əvvəl Rusiya ilə ayrıca iqtisadi müqavilələr bağlamağı düşünür.
Qəzetin məlumatına görə, Ağ Ev bu cür müqavilələrin Kremlə Vaşinqtonun Moskva ilə münasibətləri bərpa etməkdə ciddiliyini nümayiş etdirə biləcəyinə inanır. Buraya, xüsusən də enerji və digər sahələrdə iqtisadi əməkdaşlığa mümkün qayıdış daxildir.
Bu yanaşma Trampın əvvəllər Rusiya ilə iqtisadi müqavilələrin "müharibəni həll edənə qədər" bağlanmaması barədə bəyan etdiyi mövqedən fərqlənir.
NYT-nin məlumatına görə, ABŞ prezidentinin xüsusi elçiləri Stiv Vitkov və Cared Kuşner Rusiyanı hərbi əməliyyatları dayandırmağa inandırmağın yeni yollarını araşdırırlar. ABŞ rəsmilərindən biri izah edib ki, administrasiya Rusiya elitasını sülhü dəstəkləmək üçün əlavə stimullar yaratmaq istəyir. Nəşr yazır ki, "Müharibənin bitməsindən əvvəl bəzi biznes sövdələşmələrinin bağlanması cənab Putinin ətrafındakı anti-Amerika şahinlərini cənab Trampın həqiqətən Rusiya ilə yeni münasibətlər qurmaq istədiyinə inandırmağa kömək edə bilər".
Eyni zamanda, bu yanaşma Konqresdəki, Ukraynadakı və Kiyevin Avropa müttəfiqlərindəki bir çox nümayəndələrin mövqeyi ilə ziddiyyət təşkil edir. Onlar Kremli güzəştə getməyə məcbur etmək üçün Moskvaya iqtisadi və hərbi təzyiqin artırılmasını müdafiə edirlər.
Beləliklə, Vaşinqton eyni vaxtda iki vasitəni nəzərdən keçirir: Rusiyaya sanksiyalar vasitəsilə təzyiq və gələcək iqtisadi əməkdaşlıq imkanları. Lakin, Moskva ilə konkret razılaşmalar hələlik müzakirə mövzusu olaraq qalır, ABŞ-ın müəyyən edilmiş siyasəti deyil.
Xatırladaq ki, 16 sentyabrda ABŞ Nümayəndələr Palatası Ukraynaya müdaxiləsi ilə bağlı Rusiyaya iqtisadi təzyiqin artırılmasına yönəlmiş genişmiqyaslı sanksiyalar qanun layihəsini dəstəklədi və sənədi imzalanması üçün Trampa göndərdi.
Sənəd, xüsusən də, prezidentə Rusiya enerji ehtiyatlarını alan və ya Rusiyanın sanksiyalardan yayınmasına kömək edən ölkələrə 100%-ə qədər tarif tətbiq etmək hüququ verir.
Rusiya bəyan edib ki, sənədin qəbul edilməsi və ABŞ-ın əlavə sanksiyalarının tətbiqi Ukraynadakı müharibənin sülh yolu ilə həlli axtarışını çətinləşdirəcək.
VƏLİ