Mədəniyyət və incəsənət xadimləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

18 Sentyabr 2026 10:21 (UTC+04:00)

18 Sentyabr - Milli Musiqi Günü hər il olduğu kimi, bu il də ölkəmizdə geniş və təntənəli şəkildə qeyd edilir. Bu münasibətlə sentyabrın 18-də tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Xəbər verilir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, bu musiqi bayramı tariximizə görkəmli bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas-alim Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunub. Dahi bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini Ulu Öndər Heydər Əliyev qoyub. Ümummilli Liderin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir, bəstəkarın mədəniyyətimiz qarşısında misilsiz xidmətləri yada salınır.