Bu ilin yanvar–avqust aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 101,9 milyon ABŞ dolları təşkil edib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 8,7 milyon ABŞ dolları ixracın, 93,2 milyon ABŞ dolları idxalın payına düşüb.
İxrac olunan məhsullar sırasında tütün məmulatları, vafli və vafli məmulatları, sement, elektrik enerjisi, alçıpan, mineral sular, travertin, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, aromatlaşdırılmış içkilər, şokolad və tərkibində kakao olan ərzaq məhsulları, buğda kəpəyi, məsaməli beton, soğan, çay, sönməmiş əhəng və salfetka yer alıb. Bu məhsullar Gürcüstan, Qırğızıstan, İran, Yəmən, Türkiyə, Rusiya, İsrail, Suriya, İraq, Amerika Birləşmiş Ştatları, Ukrayna və Qazaxıstana ixrac olunub.