Antiterror əməliyyatı – “Yeni səhifənin başlanğıcı” - BƏHRUZ QULİYEV

18 Sentyabr 2026 11:45 (UTC+04:00)

19-20 sentyabr 2023-cü il Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qalıb.

Məhz həmin tarixlərdə Qarabağda lokal antiterror əməliyyatı həyata keçirildi. Bu tarixi əməliyyat nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olundu. Üstəlik, bu 24 saatdan belə qısa müddət ərzində oldu.

SİA xəbər verir ki, Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Hit.az-a açıqlamasında bildirib ki, 19-20 sentyabr 2023-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir:

“Çünki həmin tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda separatçı silahlı birləşmələrin mövcudluğuna son qoyuldu və Azərbaycan öz suverenliyini bütün ərazisində tam şəkildə bərpa etdi. Əslində, 19-20 sentyabr hadisələrini 44 günlük Vətən müharibəsindən ayrı təsəvvür etmək mümkün deyil.

2020-ci ilin noyabrında əldə edilmiş Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Lakin həmin vaxt Qarabağın bir hissəsində Ermənistan silahlı qüvvələrinin qalıqları və separatçı silahlı struktur mövcudluğunu davam etdirirdi. Bu isə Azərbaycanın öz ərazisində tam suverenliyinin təmin olunması qarşısında ciddi problem olaraq qalırdı. 2023-cü ilin sentyabrında baş verən hadisələr bu mərhələyə də son qoydu”.

Ekspert vurğulayıb ki, Azərbaycan Ordusunun cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində separatçı qüvvələrin hərbi infrastrukturu sıradan çıxarıldı və silahlı birləşmələr təslim olmaq məcburiyyətində qaldı:

“Bununla da Qarabağda uzun illər davam edən separatizm faktiki olaraq öz mövcudluğunu itirdi. Bu hadisənin hərbi əhəmiyyəti qədər siyasi və hüquqi əhəmiyyəti də böyükdür. Əvvəla, Azərbaycan ərazisində paralel və qanunsuz idarəetmə iddiasına son qoyuldu. İkincisi, dövlət sərhədləri daxilində vahid hakimiyyət və konstitusion idarəetmə təmin edildi. Üçüncüsü isə Azərbaycan-Ermənistan münasibətlərində yeni reallıq yarandı.

Başqa sözlə, 19-20 sentyabr 2023-cü il hadisələri Azərbaycanın 30 ildən artıq davam edən Qarabağ münaqişəsinin hərbi mərhələsini faktiki olaraq başa çatdıran prosesin mühüm yekun mərhələsi oldu. Burada bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, 2020-ci il Zəfəri ilə 2023-cü il Zəfəri arasında tarixi baxımdan birbaşa bağlılıq var. 8 noyabr 2020-ci il Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinin simvoluna çevrildisə, 20 sentyabr 2023-cü il Azərbaycanın həmin ərazilər üzərində dövlət suverenliyinin tam bərpasının simvoluna çevrildi”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, 19-20 sentyabr hadisələrini yalnız hərbi əməliyyat kimi qiymətləndirmək doğru olmaz:

“Bu, Azərbaycanın dövlətçilik tarixində mühüm siyasi-hüquqi mərhələdir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin sərəncamı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü elan edildi. Bu qərar həmin tarixin Azərbaycan dövlətçiliyi baxımından daşıdığı əhəmiyyəti ifadə edir.

Bu gün Qarabağda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri də məhz yeni mərhələnin göstəricisidir. Artıq söhbət yalnız ərazilərin azad edilməsindən getmir. Söhbət həmin ərazilərin yenidən qurulmasından, insanların doğma torpaqlarına qayıdışından və vahid Azərbaycan hüquq-siyasi məkanının tam şəkildə formalaşdırılmasından gedir.

Ona görə də 19-20 sentyabr 2023-cü il Azərbaycan xalqının yaddaşında yalnız bir hərbi əməliyyatın tarixi kimi deyil, ərazi bütövlüyündən tam dövlət suverenliyinə gedən yolun mühüm yekun mərhələsi kimi qalacaq. Bu tarix Azərbaycanın müasir dövlətçilik salnaməsində yeni bir səhifənin başlanğıcıdır”.