Cənubi Koreya İrana qarşı müharibədə ABŞ-a hərbi dəstək verməyəcək

18 Sentyabr 2026 11:32 (UTC+04:00)

Cənubi Koreya Prezidenti Li Ce Myonq ölkəsinin ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına qoşulmayacağını açıqlayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, prezident bildirib ki, Cənubi Koreya hərbi qüvvələrinin Yaxın Şərqə elə formada göndərilməsi nəzərdə tutulmur ki, bu, ölkəni müharibəyə cəlb etsin. O, hərbi qüvvələrin münaqişəyə daxil olmayacağını açıq şəkildə bəyan edib.

Bununla yanaşı, Seul regionda kommersiya gəmilərinin və neft daşımalarının təhlükəsizliyinin təmin olunmasına müəyyən formada dəstək göstərmək imkanlarını nəzərdən keçirir.

Cənubi Koreyanın Hörmüz boğazında hərbi iştirak məsələsi ölkə daxilində də mübahisələrə səbəb olub. Vaşinqton isə Seulun İran müharibəsinə kifayət qədər dəstək vermədiyini bildirib.

Cənubi Koreya ötən il ABŞ-da istehsala 350 milyard dollar investisiya yatırmaq öhdəliyi götürüb. Bunun müqabilində ABŞ Cənubi Koreya mallarına tətbiq olunan tarifləri 15 faizə endirib.

Li Ce Myonq həmçinin Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında görüşün mümkün olduğunu, lakin bunun üçün bir sıra şərtlərin uyğunlaşmasının lazım gəldiyini bildirib.