AYNA tərəfindən yeni tədris ilinin başlaması ilə əlaqədar sərnişin tələbatı nəzərə alınaraq marşut xətlərinə rekord sayda – 2530 avtobus cəlb edilib.
Mövzu ilə bağlı SİA-nın sorğusuna cavab olaraq AYNA-dan verilən məlumata görə, metro xətlərinin ayrılması layihəsi çərçivəsində 8 ekspres təşkil olunub və 28 müntəzəm xətt gücləndirilib.
Sentyabrın 15-də paytaxt üzrə 2 milyondan çox sərnişin daşınıb. Bu göstərici ötən ilin eyni günü ilə müqayisədə 300 min nəfər çoxdur.
Avtobusların hərəkəti müəyyən edilmiş intervallara uyğun olaraq tənzimlənir və ciddi gecikmələr müşahidə edilmir. Lakin marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir.
Hazırda AYNA-nın Sərnişin Daşımalarının Monitorinq Mərkəzi tərəfindən avtobusların intervalı izlənilir və vəziyyətə nəzarət edilir. Eyni zamanda avtobusların hərəkət sxemi üzrə rahat hərəkət edə bilməsi üçün polis orqanları ilə birgə fəaliyyət göstərilir.
Zərurət yarandıqda marşrut xətləri üzrə avtobusların hərəkətinin operativ şəkildə tənzimlənməsi və sərnişinlərin daşınmasının davamlılığının təmin edilməsi istiqamətində əlavə tədbirlər görüləcək.