Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

17 Sentyabr 2026 18:23 (UTC+04:00)

Məzahir Pənahovun sədrliyi ilə sentyabrın 17-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Əvvəlcə Komissiyanın 26 may 2026-cı ildə keçirilmiş iclasının protokolu təsdiq olunub.

SİA xəbər verir ki, ölkə üzrə dairə seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılıb.

Diqqətə çatdırılıb ki, seçki qanunvericiliyinə əsasən seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 2026-cı il aprelin 27-də Mərkəzi Seçki Komissiyası yeni tərkibdə formalaşdırılıb. Hazırda respublikadakı 125 seçki dairəsinin dairə seçki komissiyalarına da üzvlər təyin olunmalı və dairə seçki komissiyaları yenidən təşkil edilməlidir.

O da bildirilib ki, seçki qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hər bir dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur. Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən hər bir dairə seçki komissiyasına namizədlərin ikisi maraqlı tərəflərlə – bir namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə razılaşdırılaraq irəli sürülür.

Komissiyanın iclasında aparılan müzakirələrdən sonra qanunvericiliyin yuxarıda sadalanan prinsipləri əsas götürülməklə, namizədliyi təqdim olunan şəxslərin müvafiq seçki dairələri üzrə dairə seçki komissiyalarının üzvləri təyin edilməsinə qərar verilib və bütün dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb. Üzvlərin mütləq əksəriyyəti ali təhsillidir.

Media nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin cari məsələlərə də baxılıb.