"Bakı Türk Dövlətləri Təşkilatının ortaq maraqlarının uzlaşdırıldığı mərkəzdir" - Bəhruz Quliyev

17 Sentyabr 2026 17:08 (UTC+04:00)

"Bir neçə gün əvvəl Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, bu gün isə Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda bir araya gəlməsi Azərbaycanın TDT çərçivəsindəki münasibətlərinin yüksək səviyyəsini, sistemli və çoxşaxəli xarakterini nümayiş etdirir. Qısa müddət ərzində dini və təhlükəsizlik sahələrini əhatə edən belə mühüm tədbirlərin Bakıda keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycanın Türk dünyasında etibarlı tərəfdaş, dialoq və əməkdaşlıq üçün mühüm mərkəz kimi mövqeyinin möhkəmləndiyini göstərir". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi şərhçi Bəhruz Quliyev deyib.

Ekspert bildirib ki, Azərbaycanın təşəbbüskarlığı və təşkilatçılıq imkanları TDT çərçivəsində siyasi, təhlükəsizlik, humanitar və mənəvi əməkdaşlığın inkişafına mühüm töhfə verir. Dini liderlərin görüşü türk dövlətləri arasında mənəvi və mədəni bağların möhkəmləndirilməsinə, təhlükəsizlik məsələləri üzrə müzakirələr isə qarşılıqlı etimadın və koordinasiyanın gücləndirilməsinə xidmət edir.

"Bu baxımdan, hesab edirəm ki, Bakı yalnız tədbirlərin keçirildiyi məkan deyil, həm də Türk Dövlətləri Təşkilatı daxilində ortaq maraqların uzlaşdırıldığı, regional və beynəlxalq məsələlərin müzakirə olunduğu mühüm platformaya çevrilir. Azərbaycanın TDT-də fəal və etibarlı mövqeyi Türk dünyasının birlik, həmrəylik və təhlükəsizlik gündəliyinin formalaşmasında ölkəmizin artan rolunu bir daha təsdiqləyir", deyə B.Quliyev əlavə edib.