Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı tələblərin pozulmasına görə sürücülər inzibati məsuliyyət daşıya bilərlər.
Bu sözləri SİA-ya Vəkil Səma Əhmədova deyib.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 342.2-ci maddəsinə əsasən, tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına, normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə, eləcə də nəqliyyat vasitəsinin konstruksiyasına müəyyən edilmiş qaydalara zidd dəyişikliklər edilməsinə görə 150 manat məbləğində cərimə tətbiq olunur.
Həmçinin nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi də 342.2-ci maddə ilə məsuliyyət yaradır.
Vəkil qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 356.1-ci maddəsinə əsasən, xüsusi komplektləşdirilmiş ilk tibbi yardım qutusu ilə təchiz olunmayan nəqliyyat vasitəsini idarə etməyə görə 10 manat məbləğində cərimə nəzərdə tutulur.
Ayşən Vəli