Rubio Cənubi Afrika rəsmilərinə qarşı yeni viza məhdudiyyətləri elan etdi

17 Sentyabr 2026 13:50 (UTC+04:00)

ABŞ dövlət katibi Marko Rubio çərşənbə axşamı Cənubi Afrika hökumət rəsmilərinə qarşı yeni viza məhdudiyyəti siyasəti elan edib. O, Pretoriyanı kompensasiyasız torpaq müsadirəsi və ağ fermerlərə qarşı irqi ayrı-seçkilikdə ittiham edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rubio bildirib ki, bu addım ABŞ-ın Cənubi Afrikadakı siyasətini yenidən qiymətləndirməsinin bir hissəsidir. Qərar Cənubi Afrikanın torpaq islahatı qanununa cavab olaraq verilib.

Cənubi Afrika Prezidenti Siril Ramafosa ittihamları rədd edərək bildirib ki, torpaq islahatı konstitusiyaya uyğun aparılır və heç bir irqi qrupa qarşı yönəlməyib. Analitiklər bu qərarın iki ölkə arasında münasibətləri daha da gərginləşdirəcəyini bildirirlər.