Los-Ancelesdə jurnalistlərin helikopteri axşam saatlarında kommersiya ərazisində qəzaya uğrayıb, nəticədə veteran pilot və hava fotojurnalisti-müxbiri də daxil olmaqla üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Eurocopter AS350 tipli helikopter NBC4 və Telemundo 52 stansiyaları üçün işləyirdi. O, şəhər mərkəzindən təxminən 25 mil şimal-qərbdə yerləşən Çatsvort məhəlləsində ölümcül avtobus qəzasını çəkərkən yerə düşüb.
Qəzanın səbəbi hələ məlum deyil. Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının aparıcı müstəntiqi Fabian Salazar çərşənbə günü keçirilən mətbuat konfransında bildirib ki, helikopterin eniş anını əks etdirən video ən mühüm sübutdur. Videoda mühərrikin güc itirməsi səsləri və əsas pərlərin yavaşlaması barədə xəbərdarlıq siqnalı eşidilir.
NTSB qəzanı araşdırır, Federal Aviasiya Administrasiyası da istintaqa cəlb olunub. Eyni zamanda NTSB avtobus qəzasını da araşdırır. Associated Press-in məlumatına görə, avtobus qəzasına qarışan SUV sürücüsü qətl şübhəsi ilə həbs olunub.