“Bir istehlakçı olaraq broyler toyuğu alarkən ilk növbədə məhsulun qablaşdırmasına, etiketinə və saxlanma şəraitinə diqqət etmək lazımdır”.
Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.
Onun sözlərinə görə , qablaşdırma bütöv olmalı, cırıq, deşik və sızma kimi hallar müşahidə edilməməlidir:
”İstehsal və son istifadə tarixləri, saxlanma temperaturu və şəraiti, həmçinin istehsalçı barədə məlumatlar yoxlanılmalıdır. Əgər məhsulun üzərində göstərilən saxlanma şəraiti ilə marketdəki real şərait uyğun gəlmirsə, həmin məhsulu almaq məsləhət görülmür.
Toyuq əti yüksək risk qrupuna aid olan və tez xarab olan məhsullardandır. Buna görə də məhsulun soyuq qida zəncirinin qorunmasına diqqət edilməlidir. Toyuğun yalnız rənginə baxaraq onun təhlükəsizliyi barədə qəti nəticə çıxarmaq olmaz. Rəngin müəyyən dərəcədə dəyişməsi normal hal ola bilər. Lakin xoşagəlməz qoxu, selikli və ya yapışqan səth, qablaşdırmanın zədələnməsi, eləcə də qeyri-adi şişkinlik kimi əlamətlər varsa, həmin məhsulu almaqdan çəkinmək lazımdır.
İstehlakçı məhsulun görünüşü yaxşıdırsa, onun təhlükəsiz olduğunu düşünməməlidir. Çiy toyuqda xəstəlik törədə bilən mikroorqanizmlər məhsulun görünüşünü dəyişdirmədən də mövcud ola bilər. Bundan əlavə, hazırlanma və saxlanma zamanı çarpaz çirklənmənin qarşısının alınmasına xüsusi diqqət yetirilməlidir”.