“Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi Azərbaycanın Türk dünyası və İslam aləmində artan rolunun göstəricisidir”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Onun sözlərinə görə, müxtəlif ölkələrdən dini liderlərin, alimlərin və ictimai xadimlərin Bakıda bir araya gəlməsi tədbirlərin coğrafi miqyasını genişləndirməklə yanaşı, onların mənəvi və siyasi əhəmiyyətini də artırır:
“Prezident İlham Əliyevin nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər Azərbaycanın bu proseslərə yanaşmasının əsas istiqamətlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçımız ilk növbədə iki mühüm tədbirin eyni vaxtda keçirilməsinin rəmzi mənasına diqqət çəkdi. Bildirdi ki, bu, Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin Türk və İslam dünyasının ümumi mənəvi xəzinəsinin mühüm hissəsi olması ilə bağlıdır.
Bakıda keçirilən toplantının mühüm cəhətlərindən biri onun geniş coğrafiyanı əhatə etməsidir. Türk dövlətlərinin dini rəhbərləri ilə yanaşı, Gürcüstan və Suriyadan, Şimali Qafqazdan olan dini liderlərin də tədbirdə iştirakı Azərbaycanın Türk dünyası, Qafqaz və İslam aləmi arasında əlaqələndirici mövqeyini nümayiş etdirir.
Azərbaycan isə həm Türk dünyasının bir parçası, həm də Qafqaz ölkəsi kimi nüfuzunu daha da möhkəmləndirib.
Dövlət başçımızın Qafqaz Albaniyası və Atabəylər dövlətinin tarixinə toxunması da bu kontekstdə diqqətəlayiqdir. Cənab Prezidentin qeyd etdiyi kimi, qədim Qafqaz Albaniyası məhz Azərbaycanın ərazilərində mövcud olub, Albaniyanın paytaxtı Qəbələ, Atabəylər dövlətinin paytaxtı isə Naxçıvan olub. Bu tarixi reallıqlar Azərbaycanın Türk dünyası ilə Qafqaz arasında əlaqələrin mühüm həlqəsi olduğunu göstərir.
Prezident İlham Əliyevin çıxışında ən mühüm tezislərdən biri Türk və İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsinin zəruriliyidir.
İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində Bakıda keçirilən tədbirlər, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda təşkili və qarşıdakı dövrdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi bu siyasətin mühüm nümunələridir.
“Bizim dinimizə, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir” deyən Prezident İlham Əliyev müsəlman dünyasının gözdən salınmasını, İslamın terrorla eyniləşdirilməsini və Qurana qarşı təhqiramiz hərəkətləri təsadüfi deyil, “hədəflənmiş siyasət” kimi xarakterizə etdi. Buna cavab olaraq müsəlman dünyasının birliyini vurğuladı. Azərbaycan haqlı olaraq birliyi, həmrəyliyi regional təhlükəsizliyin əsas qarantlarından biri hesab edir. Dövlət başçımızın da söylədiyi kimi, “bizim birliyimiz hər birimizi gücləndirəcək. Türk dünyası, Qafqaz və İslam aləmi arasında əməkdaşlığın güclənməsi regionda sabitliyin qorunmasına da töhfə verə bilər.”
Bakıda keçirilən toplantının digər mühüm istiqaməti dini liderlərin sülh və barışıq proseslərindəki roludur.
Müasir dünyada din faktoru bir çox cəmiyyətlərin ictimai həyatında mühüm yer tutur. Buna görə dini liderlərin sülh, qarşılıqlı hörmət, tolerantlıq və əməkdaşlıqla bağlı çağırışları geniş auditoriyaya təsir etmək imkanına malikdir.
Bu çağırışlar sülhə, əməkdaşlığa və əmin-amanlığa istiqamətləndikdə onların müsbət təsiri daha geniş coğrafiyada hiss oluna bilər.
Məhz buna görə Cənab Prezident TDT Müsəlman Dini Rəhbərləri Şurasının toplantılarının ənənəvi xarakter almasını da təklif edib. Bu təşəbbüs dini liderlər arasında fikir mübadiləsinin davamlı platformaya çevrilməsini, ümumi problemlərin müzakirəsini və ortaq yanaşmaların formalaşdırılmasını nəzərdə tutur.
Nümayəndə heyətinin Qarabağa səfəri isə xüsusi əhəmiyyət kəsb edir. Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edən dini liderlər regionun keçmişi və bu günü ilə yerində tanış olmaq imkanı əldə edəcəklər. Bu səfərin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Qarabağda iki fərqli reallıq – uzunmüddətli işğalın nəticələri və hazırkı bərpa-quruculuq prosesi bir arada görünür.
Müzəffər Ali Baş Komandanın da söylədiyi kimi, “həm 30 ilin işğalının fəsadlarını, dağıntılarını, eyni zamanda, bu gün dirçələn Qarabağın yeni simasını görmək mümkün olacaq.”
Azərbaycanın bərpa prosesinə ilk olaraq məsciddən başlaması da təsadüfi deyil. Bu fakt yenidənqurmanın dini-mədəni irsin bərpasını da əhatə etdiyini göstərir.
Dövlət başçımızın da söylədiyi kimi, Ağdam məscidi bərpa edilən ilk obyektlərdən biri olub və indiyədək dağıdılmış və ya yarıdağıdılmış 12 məscid bərpa edilərək yenidən istifadəyə verilib.
Dövlət başçımız 30 illik işğal dövrünün nəticələrinə də geniş toxundu. Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin dağıdılması, dini abidələrin zərər görməsi, insanların doğma torpaqlarından didərgin salınması Azərbaycan cəmiyyətinin tarixi yaddaşında mühüm yer tutur. Bu yaddaşın qorunması isə gələcəkdə yeni qarşıdurmaların qarşısının alınması baxımından da əhəmiyyətlidir.
Çıxışın ən mühüm siyasi mesajlarından biri Azərbaycanın müharibədən sonrakı dövrdə sülh gündəliyinə üstünlük verməsi ilə bağlıdır.
Prezident İlham Əliyev də bildirdi ki, “biz sülh gündəliyini seçdik və bu seçimin nə qədər müdrik olması bu gün bütün dünyaya aydındır və bütün dünya bunu görür.”
Bu xüsusda müharibənin başa çatmasından sonra əsas məqsəd regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasıdır.
Cənab Prezident eyni zamanda vurğulayıb ki, sülhün qorunması yalnız Azərbaycan və Ermənistanın deyil, regionda maraqları olan bütün tərəflərin məsuliyyətidir. Xüsusilə Türk dünyası və Qafqazın yeni qarşıdurmaların coğrafiyasına çevrilməməsi üçün regional əməkdaşlığın gücləndirilməsi zəruridir”.