Təkzibedilməz həqiqətdir ki, Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla, Azərbaycan ərazisindəki bütün xristian irsi birbaşa Qafqaz Albaniyasının dövlətçilik və mədəniyyət salnaməsinə aiddir. Bu mənada möhtərəm Prezident istər Türk Dövlətləri Təşkilatının Qəbələ Sammitində, istərsə də son olaraq dini icma rəhbərləri və dini komitə nümayəndələri ilə keçirdiyi görüşdə Qafqaz Albaniyası mövzusuna xüsusi diqqət çəkməsi təsadüfi deyildir. Bu çıxışlar dövlətimizin öz köklü tarixinə, milli-mənəvi dəyərlərinə və tarixi həqiqətlərin bərpa edilməsinə verdiyi strateji əhəmiyyətin növbəti bariz göstəricisidir.
Bu sözləri SİA-ya deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, min ilə yaxın müstəqil siyasi varlığını qoruyan Qafqaz Albaniyası dövləti Şərq xristianlığı ənənəsinin özünəməxsus mərkəzlərindən biri kimi zəngin memarlıq, idarəetmə və dini-mədəni infrastruktura malik olmuşdur:
“Hökmdar Cavanşir kimi görkəmli dövlət xadimlərinin böyük imperiyalar arasında yürütdüyü balanslaşdırılmış xarici siyasi xətt regionun müstəqilliyini qorumuş, Alban Apostol Kilsəsi isə müstəqil statusu ilə Şərq xristian aləmində nüfuzlu mövqe tutmuşdur. Bu baxımdan, sözügedən tarixi-mədəni irs birmənalı və istisnasız şəkildə Azərbaycan xalqının İslamdan əvvəlki dövrə aid milli-mənəvi sərvətidir.
Təəssüf ki, XIX əsrdən başlayaraq və xüsusilə işğal dövründə Qarabağdakı alban məbədləri sistematik olaraq erməniləşdirilmiş, onların memarlıq üslubu, divar yazıları və dini atributları saxtalaşdırılaraq mənimsənilmişdir. Eyni zamanda son dövrlərdə məqsədli siyasi spekulasiya kimi bəzi xarici ölkələrin qanunverici orqanlarında, ayrı-ayrı siyasi beyin mərkəzlərində və qərəzli media resurslarında bu zəngin irsin "erməni mədəniyyəti" kimi qələmə verilməkdədir. Təbii ki, bəzi xarici dairələrin isə "xristian irsinin qoruyucusu" cildinə girərək apardığı dırnaqarası müdafiə kampaniyaları Azərbaycanın suveren hüquqlarına və tarixi yaddaşına edilən açıq hörmətsizlikdir. Minilliklər boyu bu torpaqlarda formalaşan mədəniyyəti, onun ruhunu və mahiyyətini Azərbaycan xalqından daha yaxşı dərk edən və ona sahib çıxan ikinci bir tərəf yoxdur.
Azərbaycan dövlətinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi sürətli bərpa-quruculuq prosesində xristian irsinə nümayiş etdirdiyi xüsusi ehtiram — bütün tarixi-dini abidələrə konseptual olaraq eyni dərəcədə həssaslıqla yanaşılması xarici saxta təbliğata ən tutarlı cavabdır. Eyni zamanda, Alban çarlığının qədim inzibati və dini mərkəzlərinin yerləşdiyi digər bölgələrimizdə — Şəki, Qəbələ və Qax rayonlarında kilsə və monastırların dövlət və Heydər Əliyev Fondu xətti ilə yüksək peşəkarlıqla, elmi əsaslarla bərpa olunması Azərbaycanın öz tarixi irsinə olan dərin sadiqliyini əyani şəkildə nümayiş etdirir.
Bu prosesdə müstəsna məqamlardan biri də dövlətimizin Qafqaz Albaniyasının birbaşa etnik və mənəvi varisləri sayılan Alban-Udi xristian dini icmasına göstərdiyi xüsusi diqqət və qayğıdır. Udi icması Azərbaycanın çoxmədəniyyətli cəmiyyətinin ayrılmaz və dəyərli bir parçasıdır. Dövlət tərəfindən Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Yelisey və Məryəm Ana kilsələrinin, Qax və Şəkidəki alban məbədlərinin elmi əsaslarla bərpa edilərək Udi icmasının istifadəsinə verilməsi Azərbaycan multikulturalizm modelinin əyani təzahürüdür. Vətən müharibəsindən sonra Alban-Udi din xadimlərinin Kəlbəcərdəki Xudavəng monastırını, Xocavənddəki Amaras məbədini və digər qədim alban kilsələrini ziyarət edərək ibadətlər etmələri, dualar oxumaları bu irsin əsl sahiblərinə qovuşduğunu bütün dünyaya nümayiş etdirmişdir.
Hərbi, siyasi və diplomatik zəfərlərimizin davamı kimi Azərbaycanın real müstəvidə həyata keçirdiyi abidələrin bərpası, Udi icmasına göstərilən dövlət qayğısı və tarixi irsin qorunması siyasəti kənardan idarə olunan saxtakar diplomatik oyunları bütünlüklə iflasa uğratması bir daha sübut edir ki, regionda xristian irsinin həqiqi hamisi, qoruyucusu və varisi müstəqil Azərbaycan dövlətidir”.
Ayşən Vəli