“Azərbaycan Ermənistan ərazisindəki tarixi-dini abidələrin bərpasına hazırdır” -FAZİL MUSTAFA

17 Sentyabr 2026 11:34 (UTC+04:00)

Azərbaycan Ermənistan ərazisindəki tarixi-dini abidələrin bərpasına hazırdır.

SİA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın tarixi-dini abidələrin bərpasına yanaşması ölkə ərazisi ilə məhdudlaşmır.

Onun sözlərinə görə, Azərbaycan Avropada, o cümlədən Vatikanda və Fransada tarixi-dini abidələrin bərpasına öz töhfəsini verib.

F.Mustafa qeyd edib ki, gələcəkdə imkan yarandığı təqdirdə indiki Ermənistan ərazisində yerləşən tarixi-dini abidələrin bərpası istiqamətində də Azərbaycan öz təşəbbüslərini irəli sürməyə hazırdır.

Komitə sədri həmçinin konfransda səsləndirilən təkliflərin qanunvericiliyin təkmilləşdirilməsinə töhfə verə biləcəyini bildirib. O, bu istiqamətdə yeni qanunvericilik təşəbbüslərinin hazırlanmasının və müvafiq qurumlarla birgə müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.