“Qərbi Azərbaycanda dağıdılan abidələrin 95 faizi tarixi-dini xarakter daşıyır” -FAZİL MUSTAFA

17 Sentyabr 2026 11:30 (UTC+04:00)

Qərbi Azərbaycanda dağıdılan abidələrin 95 faizi tarixi-dini xarakter daşıyır.

SİA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, tarixi abidələrin bərpasında əsas məqsəd yalnız onların əvvəlki formasının yenidən qurulması deyil, ilk növbədə tarixi yaddaşın bərpasıdır.

“Eyni zamanda həmin abidələrə yeni mahiyyət vermək, ilk növbədə turistik mahiyyət qazandırmaq vacibdir. Bu abidələri bərpa etməklə yalnız Azərbaycan cəmiyyətinin dəyərlərinə hörmət ifadə etmirik, həm də Azərbaycanın tanıdılmasına və ölkəmizə turistik məkan kimi marağın artırılmasına şərait yaradırıq”, - deyə o qeyd edib.

F.Mustafa vurğulayıb ki, Azərbaycan tarixi abidələrin hansı dinə mənsub olmasından asılı olmayaraq onların bərpasına eyni yanaşma nümayiş etdirir.

“Qarabağı işğaldan azad edəndə bunu etdik. Kilsəni də, sinaqoqu da, məscidi də eyni parametrlər və eyni insani yanaşma ilə bərpa etdik. Bu, tolerant və multikultural yanaşmanın göstəricisidir”, - deyə komitə sədri bildirib.