“Şah Abbas Cümə məscidinin təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılıb” -RAMİN MƏMMƏDOV

17 Sentyabr 2026 10:54 (UTC+04:00)

Tarixi-dini abidələrin bərpası istiqamətində görülən işlər ölkənin bütün coğrafiyasını əhatə edir.

SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransda deyib.

O bildirib ki, dövlət başçısının sərəncamları ilə ötən il Mərdəkan qəsəbəsindəki Pirəsəm ziyarətgahının və Əmircan qəsəbəsindəki İmam məscidinin, bu il isə Gəncə şəhərindəki Şah Abbas Cümə məscidinin təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılıb.

R.Məmmədov qeyd edib ki, artıq Pirəsəm ziyarətgahında işlər başa çatdırılıb, İmam məscidində bərpa işləri yekun mərhələyə keçib, Şah Abbas Cümə məscidində isə təmir-bərpa işlərinə başlanılıb.