“Bütün abidələrimizi, kimliyimizi və mənəviyyatımızı qoruyaraq, həmin Şuşada bu gün Üzeyir Hacıbəylinin musiqisinin səsləndirilməsini təmin ediblər. Biz həmçinin Milli Musiqi Günü və Suverenlik Günü ərəfəsindəyik. Hər birinizi təbrik edir, can sağlığı və uğurlar arzulayıram”.
SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Komitənin birgə təşkilatçılığı ilə keçirilən “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransda deyib.
R.Məmmədov çıxışına Ümummilli Lider Heydər Əliyevin dini irsin qorunması ilə bağlı fikirlərini xatırlatmaqla başlayıb.
“Biz Azərbaycanda bütün dini abidələri, ocaqları, müqəddəs yerləri sizinlə birlikdə bərpa edəcəyik. Bizim görə bilmədiyimiz işləri davamçılarımız sona çatdıracaq”, - deyə o qeyd edib.
Komitə sədri bildirib ki, bu fikir yalnız ifadə olunduğu dövr üçün müəyyən edilmiş vəzifəni deyil, eyni zamanda tarixi və dini irsə münasibətin mühüm fəlsəfəsini ifadə edir.
Onun sözlərinə görə, dini abidələrin bərpası keçmişə ehtiramın, milli yaddaşa bağlılığın və gələcək nəsillər qarşısında məsuliyyətin göstəricisidir.
“Çünki hər bir məscid, ziyarətgah, türbə və digər tarixi-dini abidə yalnız daşdan və memarlıq elementlərindən ibarət deyil. Onlar xalqın keçdiyi tarixi yolun, dini dünyagörüşünün, adət-ənənələrinin və milli yaddaşının mühüm daşıyıcılarıdır”, - deyə R.Məmmədov vurğulayıb.
Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, bu gün Azərbaycanda mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.