YAP bundan sonra da Azərbaycanın inkişafının siyasi avanqardı kimi çıxış edəcək

16 Sentyabr 2026 16:48 (UTC+04:00)

Sentyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının XII konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət edilib, büstün önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov hesabat məruzəsi ilə çıxış edib. O, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, partiyanın ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyindən bəhs edib. Hesabat məruzəsində rayon təşkilatının fəaliyyətinin partiyanın müəyyən etdiyi prioritet istiqamətlər əsasında təşkil olunduğu qeyd olunub. Ərazi partiya təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsi, üzvlərin ictimai-siyasi proseslərdə fəal iştirakının təşviqi, eləcə də gənclərin və qadınların partiya fəaliyyətinə cəlb olunması ilə bağlı müxtəlif layihələrin reallaşdırıldığı diqqətə çatdırılıb.

Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması müasir dövlətçilik tariximizdə əlamətdar hadisədir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın ölkəmizi daim irəliyə apararaq əhəmiyyətli uğurlara imza atdığı, ümumxalq etimadını qazandığı vurğulanıb. Qeyd olunub ki, həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq, bütün istiqamətlərdə sürətli inkişafa nail olunub, Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzu artıb.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından bəhs edib. O diqqətə çatdırıb ki, dövlət başçısının müstəqil və uzaqgörən siyasəti nəticəsində həm ölkəmizdə, həm də bütövlükdə regionumuzda yeni reallıqlar yaranıb, qarşımızda yeni perspektivlər açılıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını müasir tariximizin ən mühüm hadisəsi və möhtəşəm nailiyyəti kimi dəyərləndirib. O, yeni mərhələdə ölkəmizin qarşısında strateji hədəflərin dayandığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli məqsədlərin bundan sonra da uğurla reallaşdırılacağına əminliyini ifadə edib.

Şəhid İsmayıl Kərimlinin atası Ceyhun Kərimli, ərazi partiya təşkilatı sədri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Gülbəniz Əliyeva, “Bakı Tikiş Evi” ASC-nin sədr müavini Elnur Rəhimov və Azərbaycan Dillər Universitetinin üçüncü kurs tələbəsi Sevinc Eyyubzadə Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin və azərbaycançılıq ideologiyasının gənc nəslə çatdırılması, milli-mənəvi dəyərlərin qorunması və partiya üzvlərinin ictimai proseslərdə iştirakının genişləndirilməsi məqsədilə görülən işlərin əhəmiyyətindən bəhs ediblər.

Konfransda çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov qeyd edib ki, 2026-cı il sentyabrın 7-dən etibarən Yeni Azərbaycan Partiyasının respublikanın bütün bölgələrini əhatə edən rayon və şəhər təşkilatları tərəfindən hesabat konfransları keçirilir, partiyanın VII qurultayından sonra qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülmüş işlərə dair məruzələr dinlənilir, əldə olunmuş nəticələr təhlil edilərək geniş müzakirələr aparılır. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının konfransı da istər hesabat dövründə həyata keçirilən fəaliyyətin nəticələrinin qiymətləndirilməsi, istərsə də gələcəyə yönəlik hədəflərlə bağlı fikir mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyətə malikdir.

Tahir Budaqov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq Zəfərə imza ataraq öz ərazi bütövlüyünü, 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində isə mütləq suverenliyini bərpa edən Azərbaycan əldə etdiyi müvəffəqiyyətlərlə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur: “Milli maraqlara əsaslanan və müasir çağırışlara cavab verən mütərəqqi siyasəti ilə ölkəmizin davamlı inkişafını təmin edən Prezident İlham Əliyev Azərbaycanın qüdrətini və nüfuzunu daha da artırmış, onun regiondakı lider mövqeyini möhkəmləndirmiş, dünyada dialoq və əməkdaşlıq məkanı, etibarlı və konstruktiv tərəfdaş imicini gücləndirmişdir. Bu gün sıralarında 800 minə yaxın vətəndaşımızı birləşdirən, öz fəaliyyətində dialoq, əməkdaşlıq, qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərinə söykənən, plüralizmi təşviq edərək siyasi sistemin inkişafına, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə mühüm töhfələr verən Yeni Azərbaycan Partiyası da müasir çağırışları və hədəfləri əsas götürərək partiyanın Proqram və Nizamnaməsi çərçivəsində, habelə İdarə Heyətinin qəbul etdiyi qərarlara uyğun məqsədyönlü fəaliyyət həyata keçirir. VII qurultaydan sonra müəyyən olunmuş vəzifələrin icrası istiqamətində ardıcıl tədbirlər reallaşdırılmış, partiyanın çevik və səmərəli fəaliyyətini təmin etmək məqsədilə onun normativ-hüquqi bazasının möhkəmləndirilməsi, partiya üzvlərinin uçot sistemində tam dəqiqliyin təmin edilməsi və məlumatlara nəzarətin gücləndirilməsi, maliyyə intizamın möhkəmləndirilməsi, Heydər Əliyev ideyalarının və azərbaycançılıq ideologiyasının təşviqi, Prezident İlham Əliyevin müasir dövlətçilik strategiyasının, Yeni Azərbaycan Partiyasının dəyərlərinin və fəaliyyət prinsiplərinin təbliği, milli maraqların qorunması üçün partiya diplomatiyasının yeni reallıqlara uyğun davam etdirilməsi xüsusi diqqət mərkəzində olmuş, eləcə də Yeni Azərbaycan Partiyası ilə 10 siyasi partiya arasında əməkdaşlıq sazişləri imzalanmış, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı, Mərkəzçi Demokrat İnternasionalı kimi beynəlxalq siyasi platformalarda partiyanın fəal iştirakı təmin edilmiş, YAP-ın ev sahibliyi və tərəfdaş siyasi partiyaların iştirakı ilə 11 beynəlxalq konfrans keçirilmişdir”.

Natiq qeyd edib ki, hesabat dövründə yerli təşkilatların, o cümlədən YAP Nəsimi rayon təşkilatının fəaliyyətinin Nizamnamə tələbləri əsasında qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi və digər istiqamətlərdə əsaslı işlər görülmüş, tədbirlərin müxtəlifliyini və sayını artırmaqla mütəşəkkil qaydada keçirilməsi, qərarların icrası, vətəndaş müraciətlərinə baxılmanın qaydalara uyğun aparılması diqqətdə saxlanılmışdır. Onun sözlərinə görə, YAP Nəsimi rayon təşkilatının sıralarında hazırda 27 mindən artıq üzv birləşmişdir ki, onlardan 15 mindən çoxu qadınlar, 3000-dən çoxu isə gənclərdir: “Bu böyük potensial rayon təşkilatının qarşısında duran bütün vəzifələrin mütəşəkkil qaydada və yüksək səviyyədə yerinə yetirilməsinə imkan verir. Rayon təşkilatı bundan sonra da fəaliyyətini müasir dövrün tələbləri və çağırışları əsasında davam etdirərək ideoloji işinin gücləndirilməsi, ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsi, partiya sıralarının genişləndirilməsi və digər istiqamətlərdə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməli, ölkəmizdə sabitlik və həmrəyliyin qorunmasına, xalq-iqtidar birliyinin daha da möhkəmlənməsinə öz töhfəsini verməlidir”.

Tahir Budaqov əlavə edib ki, bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti öz milli maraqlarını rəhbər tutaraq müstəqil siyasətini uğurla davam etdirir, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir: “Şübhə yoxdur ki, Yeni Azərbaycan Partiyası bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə, əzmlə, inamla və şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcək, Azərbaycanın inkişafının və yeni qələbələrinin siyasi avanqardı kimi çıxış edəcəkdir. Ümummilli Liderimizin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Dünən Azərbaycan naminə siyasi məsuliyyəti öz üzərinə götürən Ulu Öndərin ətrafında yaranmış, bu gün qalib xalqın Lideri, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən YAP sabah da ümumxalq partiyası kimi fəaliyyətini uğurla davam etdirərək Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaqdır. Hər birinizə Heydər Əliyev ideyalarına sadiq qalmaqla Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşərək həyata keçirdiyiniz şərəfli fəaliyyətinizdə davamlı uğurlar arzulayır və diqqətinizə görə təşəkkürümü bildirirəm”.

Konfransda YAP Nəsimi rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.