Dolların mövqeyi zəifləyir: dünya iqtisadiyyatını nə gözləyir? - İQTİSADÇI AÇIQLADI

16 Sentyabr 2026 16:31 (UTC+04:00)

ABŞ dollarının qlobal valyuta bazarındakı mövqeyinin zəiflədilməsi ehtimalı dünya iqtisadiyyatında yeni müzakirələrə səbəb olub. Xüsusilə ABŞ-ın ixracı artırmaq və yerli məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətini yüksəltmək məqsədilə daha zəif dollar siyasətinə üstünlük verə biləcəyi ilə bağlı ehtimallar diqqət çəkir.

Belə bir ssenarinin reallaşması ABŞ-ın dövlət borcuna, qlobal ticarətə və dollarla sıx bağlı iqtisadiyyatlara təsir göstərə bilər. Bəs mümkün dəyişikliklər fonunda Azərbaycan iqtisadiyyatı hansı risklərlə üzləşə və buna necə hazırlaşa bilər?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Günay Hüseynova SİA-ya açıqlamasında bildirib ki, hazırda ABŞ tərəfindən dolların məqsədli şəkildə zəiflədiləcəyi ilə bağlı konkret rəsmi qərar və ya açıqlama yoxdur:

“Buna görə də söhbət hələlik yalnız ehtimaldan gedir. ABŞ belə bir siyasət həyata keçirərsə, əsas məqsədlərdən biri ölkənin ixrac imkanlarını genişləndirmək və Amerika məhsullarının dünya bazarında rəqabət qabiliyyətini artırmaq ola bilər.

Dolların dəyərdən düşməsinin gözlənildiyini demək hələ tezdir. Bu, hazırda sadəcə ehtimaldır. Fərz etsək ki, dollar zəifləyib, bu zaman həm ABŞ, həm də digər ölkələrin iqtisadiyyatında müəyyən dəyişikliklər baş verə bilər.

ABŞ tərəfindən məqsədli şəkildə dolların zəiflədilməsi siyasəti həyata keçirilərsə, bu, ilk növbədə ixrac potensialının artırılması və məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi ilə əlaqəli ola bilər.

Dolların zəifləməsini ABŞ-ın böyük borc yükü ilə əlaqələndirsək, valyutanın dəyər itirməsi borcun real yükünü müəyyən qədər azalda və ödənişləri asanlaşdıra bilər. Lakin borcun nominal məbləği dəyişmir. Burada faiz dərəcələri və inflyasiya da mühüm rol oynayır. Sadəcə inflyasiyanın təsiri ilə borcun real dəyəri müəyyən qədər aşağı düşə bilər. Dolların uzunmüddətli zəifləməsi beynəlxalq ticarətdə valyuta diversifikasiyasını sürətləndirə bilər.

Dünya üzrə ticarət əməliyyatlarında dolların geniş istifadəsi nəzərə alınmaqla, onun mövqeyinin zəifləməsi digər aparıcı valyutalara marağı artıra bilər.

Beynəlxalq ticarət və ödənişlərin böyük hissəsi dollar üzərindən həyata keçirilir. Dolların zəifləməsi müəyyən diversifikasiyaya səbəb ola bilər. Bu halda digər yüksək dəyərə malik valyutalardan istifadəyə maraq arta bilər”.