Ukraynanın Finlandiyadakı səfirliyi Finlandiya ilə Belarus arasında Helsinkidə futbol matçının keçirilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə diplomatik nota göndərib.
Bu barədə SİA xarici KİV-ə istinadən xəbər verir
Finlandiyanın kişilərdən ibarət futbol millisi sentyabrın 29-da Helsinkidəki “Olimpiya” stadionunda Millətlər Liqası çərçivəsində Belarus komandası ilə qarşılaşacaq.
Futbol Assosiasiyası əvvəlcə Belarusla ev matçının neytral meydanda keçiriləcəyini açıqlasa da, mayda matçın keçirilməsi üçün Finlandiyanın paytaxtı seçilib. Assosiasiya qərarı Beynəlxalq Olimpiya Komitəsinin mövqeyinin dəyişməsi ilə əsaslandırıb. Bu dəyişiklik müəyyən şərtlər çərçivəsində belaruslu idmançıların yarışlarda iştirakına icazə verir.
Futbol Assosiasiyası həmçinin Danimarkanın beynəlxalq təcrübəsinə istinad edib. Dünya Çempionatının əvvəlki seçmə mərhələsində Belarus səfər oyunlarını Danimarka, Şotlandiya və Yunanıstana qarşı keçirib.
Ukrayna səfiri Mixaylo Vidoynik bildirib ki, bu qərara təəccüblənib. Onun sözlərinə görə, bu qərar Finlandiyanın Ukraynaya göstərdiyi qətiyyətli dəstəklə ziddiyyət təşkil edir. Səfir ümid edir ki, Finlandiya və Belarusun kişilərdən ibarət milli komandaları arasında keçiriləcək Millətlər Liqası matçı başqa ölkədə baş tutacaq.
Futbol Assosiasiyası matçı xeyriyyə tədbiri kimi keçirir və biletlərin satışından əldə olunan xalis gəliri ukraynalılara göndərəcək.
Ayşən Vəli