"Türk və İslam dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsləri və beynəlxalq platformalarda fəal iştirakı hər zaman diqqət çəkir. Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının keçirilməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın Türk və İslam dünyası arasında birləşdirici rolunu vurğulayıb və müsəlman ölkələrinin vahid ailə kimi bir araya gəlməsinin vacibliyini xüsusi olaraq diqqətə çatdırıb". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısını böyük bir beynəlxalq tədbir kimi dəyərləndirən Prezident qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərindən başqa, bu gün Gürcüstan və Suriyanın dini liderlərinin, Şimali Qafqaz respublikalarının nümayəndələrinin, xüsusilə Dağıstandan və Çeçenistandan olan dini rəhbərlərin iştirak etməsi birliyin əsl nümunəsidir:
"Təbii ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür.
Azərbaycan hər zaman sülhə, sabitliyə və tolerantlığa çağırışlar edib. Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edib".