Dünyanın müxtəlif ölkələrində məktəblərdə şagirdlərin mobil telefon istifadəsinə məhdudiyyətlərin tətbiqi istiqamətində addımlar atılır. Məqsəd dərs zamanı diqqət dağınıqlığının qarşısını almaq, təhsil mühitində rəqəmsal asılılığı azaltmaq və müəllim-şagird münasibətlərində diqqəti tədris prosesinə yönəltməkdir.
Bəs Azərbaycanda orta məktəblərdə mobil telefonlardan istifadəyə qadağa qoyula bilərmi?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda da bu məhdudiyyətlər tətbiq olunmağa başlayıb:
“Çünki bilirsiniz, ötən ildən bu məsələ ilə bağlı məktəblərdə telefondan istifadəyə qadağa tətbiq olunmağa başlayıb. Burada bəzi zəruri hallarda telefondan istifadəyə icazə veriləcəyi ilə bağlı bir boşluq var ki, bundan da sui-istifadə halları yəqin ki, olacaq.
Ümumiyyətlə, tədris prosesində həm müəllimlərin, həm də şagirdlərin telefondan istifadəsinə məhdudiyyət qoyulması və ya qadağa tətbiq olunması nə dərəcədə məqsədəuyğundur?
Biz artıq görürük ki, məktəblər iki gündür fəaliyyətə başlayıb və müşahidələr göstərir ki, tədrisin ilk günündən etibarən siniflərdə telefon istifadəsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif görüntülər yayılır. Birinin makiyaj edib məktəbə getməsi ilə bağlı çəkiliş paylaşılır. Digər bir görüntüdə isə sinif otağında qızların və oğlanların birgə iştirakı ilə məktəbə uyğun olmayan davranışlar, siqaret çəkmə və uyğun olmayan danışıqlar nümayiş olunur.
Bu kimi məsələlər onu göstərir ki, məktəblərdə telefon istifadəsinə qoyulan qadağa hələlik tam mənasında tətbiq olunmur. Çünki qadağa tam tətbiq olunsaydı, məktəblərdə, xüsusilə də sinif otaqlarında bu kimi halların baş verməsi mümkün olmazdı.
Ümumiyyətlə isə bütün inkişaf etmiş və təhsil sahəsində öndə olan ölkələrdə bu məsələyə konkret münasibət bildirilib. Çünki telefon məktəbdə həm şagirdlərin diqqətinin dağılmasına, həm də müəllimlərin işinə mane ola bilər. Eyni zamanda, şagirdlərin etik davranış qaydalarına zidd addımlar atmasının qarşısının alınması baxımından da müəyyən məhdudiyyətlər tətbiq olunur.
Ona görə də bu kimi məsələlərin qarşısını almaq üçün süni intellektin, xüsusilə də smartfonlarda süni intellekt imkanlarından istifadə etməklə tədrisin yönləndirilməsi, müxtəlif suallara cavab axtarılması məsələsi də diqqətdə saxlanılmalıdır. Çünki bu, şagirdlərin müəyyən mənada düşünmə və müstəqil nəticə çıxarma qabiliyyətinə təsir göstərə bilər.
Ona görə də artıq telefon istifadəsinin ciddi şəkildə məhdudlaşdırılması ilə bağlı kampaniyalar başlayıb. Demək olar ki, bir çox inkişaf etmiş ölkələrdə bu məsələ ilə bağlı müəyyən qərarlar qəbul edilib. Hətta Nyu-York şəhərində təhsil məsələləri və məktəblərdə süni intellektin tətbiqi ilə bağlı müəyyən qadağaların nəzərdə tutulduğu qərarlar da qəbul edilib.
Ona görə də mən düşünürəm ki, Azərbaycanda da bu məsələnin tətbiqinə çox ciddi əhəmiyyət verilməli, qəbul olunmuş qərarların icrasına və onlara əməl olunmasına nəzarət gücləndirilməlidir”.