"BRİCS-in güc mərkəzinə çevrilməsi hələ tezdir" - POLİTOLOQ

16 Sentyabr 2026 15:35 (UTC+04:00)

"BRİCS daha çox Rusiya və Çinin, Avrasiya başda olmaqla, Qərb qarşısında bir nümayişidir. Yəni bu təşkilat güc mərkəzi olmağa səydir. Amma bütün hallarda həm Braziliya, həm Hindistan ayrı-ayrılıqda ABŞ ilə, Qərb ölkələri ilə sıx iqtisadi əməkdaşlıq edirlər. Ona görə də yeni dünya əhalisinin yarıdan çoxunun iqtisadiyyatını təşkil edən ölkələrdən ibarət bu blokun güc və qüvvə mərkəzi kimi çıxış etməsi imkansızdır". Bu sözləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu ölkələrin xarici ticarət əlaqələrində istifadə etdiyi valyuta əsasən ABŞ dollarıdır və onların yeni BRİCS-in yeni güc mərkəzi olaraq formalaşmasından danışmaq hələ tezdir: "Yaxud bu, yarandığı gündən, yəni 2012-ci ildə təsis olunubdur, haradasa 15 ilə yaxındır təsis olunubdur, hələ də güc mərkəzi olaraq çıxış etmək imkanında deyil.

Düzdür, dünyanın bir sıra ölkələri BRİCS-in iclaslarında iştirak edir, bunun təsisçiləri ilə əməkdaşlıq edirlər və s. Amma bu, güc mərkəzi rolunda çıxış etməsi deməkdir? Digər tərəfdən, BRİCS dünyada ABŞ-ın, yaxud Qərbin irəli sürdüyü hadisəni, layihəni bloklamaq gücünə malikdir, yaxud indiyə qədər belə bir təcrübə yoxdur?

Azərbaycan belə bir dəyişkən sistemlə əməkdaşlıq edir, daha doğrusu, BRİCS-ə üzv ölkələrin hər biri ilə ayrı-ayrılıqda əməkdaşlıq edir və onlarla, məsələn, Çinlə strateji tərəfdaşdır, Braziliya ilə münasibətlər son illər inkişaf etməkdədir, Rusiya ilə yaxın qonşu kimi əlaqələri qoruyub inkişaf etdirməyə çalışır, Hindistanla münasibətlərdə müəyyən gərginliklər mövcuddur. Çünki Hindistan durmadan Ermənistanın silahlanmasında yardım edir və s.

Ona görə Azərbaycan güc mərkəzi olmayan və elə böyük dünya qlobal siyasətinə təsir imkanı olmayan BRİCS bloku ilə münasibətləri diplomatik səviyyədə qorumaqla, ayrı-ayrı dövlətlərlə iqtisadi əməkdaşlığı saxlamaqla münasibətləri qoruya bilər".