"Telefonu əlindən alınanda uşağın aqressivləşməsi ilk növbədə onun emosional özünütənzimləmə bacarığında çətinlik yaşadığının siqnalı ola bilər. Lakin bu davranışı dərhal “telefon asılılığı” kimi qiymətləndirmək də düzgün deyil. Burada əsas məsələ aqressiyanın nə qədər güclü olması, nə qədər tez-tez təkrarlanması və uşağın gündəlik həyatına nə dərəcədə təsir etməsidir". Bu fikirləri SİA-ya açıqlamasında PRİM Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Almara Məlikova bildirib.
Onun sözlərinə görə. psixoloji baxımdan telefon, oyun və qısa videolar uşağa sürətli və davamlı stimullar təqdim edir: "Bu proses beynin mükafat və motivasiya mexanizmləri ilə əlaqəlidir. Dopamin də həmin mexanizmlərdə iştirak edən əsas neyromediatorlardan biridir. Uşaq davamlı olaraq sürətli stimullara alışdıqda, ekranın qəfil dayandırılması onda frustrasiya yarada və bu frustrasiya ağlama, qışqırma, etiraz, hətta aqressiv davranış şəklində üzə çıxa bilər.
Mən praktik müşahidələrimdə bir məqama xüsusi diqqət edirəm: telefon həmin uşaq üçün sadəcə əyləncə vasitəsidir, yoxsa emosional sakitləşmə vasitəsinə çevrilib? Əgər uşaq darıxanda, əsəbiləşəndə, məyus olanda və ya valideyn onunla məşğul ola bilməyəndə dərhal telefon verilirsə, zamanla uşaq öz emosiyalarını telefon vasitəsilə tənzimləməyə alışa bilər. Belə olduqda telefonun əlindən alınması onun üçün sadəcə cihazın götürülməsi deyil, sakitləşmə vasitəsinin itirilməsi kimi yaşanır.
Xüsusilə telefon olmadıqda uşaq başqa fəaliyyətlərə maraq göstərmirsə, ekran vaxtını dayandıra bilmirsə, yuxusu, dərsləri, ailə ünsiyyəti və sosial münasibətləri bundan təsirlənirsə, bu, artıq problemli ekran istifadəsi baxımından diqqətlə qiymətləndirilməli siqnaldır.
Valideynlərin burada etdiyi əsas səhvlərdən biri telefonu qəfil əlindən almaq və aqressiyaya aqressiya ilə cavab verməkdir. Mən valideynlərə ekran vaxtının əvvəlcədən müəyyən edilməsini, bitməsinə 10–15 dəqiqə qalmış uşağın xəbərdar edilməsini və telefondan sonrakı fəaliyyətin əvvəlcədən planlaşdırılmasını tövsiyə edirəm. Uşaq yalnız “telefonu verməyi” deyil, telefonsuz da darıxmağa dözməyi, sakitləşməyi və özünü məşğul etməyi öyrənməlidir.
Yəni uşağın telefonu əlindən alınanda göstərdiyi aqressiya bəzən bizə çox mühüm bir mesaj verir: “Mən emosiyamı başqa cür idarə etməyi hələ öyrənməmişəm.” Valideynin əsas vəzifəsi yalnız telefonu məhdudlaşdırmaq deyil, uşağa bu bacarığı mərhələli şəkildə qazandırmaqdır".