"Azərbaycan tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan kimi özünəməxsus mövqeyə malik olub. Bu coğrafiyanın yaratdığı mənəvi mühit xalqımızın dünyagörüşündə birlik, qarşılıqlı hörmət, tolerantlıq və həmrəylik kimi dəyərlərin formalaşmasına mühüm təsir göstərib". Bu sözləri SİA-ya aşıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən, müşahidəçilərdən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bakıda dini liderlərin toplantısı ilə böyük mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın eyni günlərdə keçirilməsi Azərbaycan mənəvi irsinin müasir dövrün ictimai və beynəlxalq gündəliyi ilə əlaqələndirilməsinin nümunəsidir:
"Seyid Yəhya Bakuvi Azərbaycan düşüncə tarixinin mühüm simalarındandır. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin yaratdığı irs xalqımızın mənəvi yaddaşının zənginliyini nümayiş etdirir. Bu böyük adların hər biri Azərbaycan düşüncəsinin ayrı bir səhifəsini təşkil edir. Bu mənəvi irsin müasir dövlətçilik tarixində davamlılıq qazanmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olub. Heydər Əliyevin dövlətçilik fəlsəfəsində milli-mənəvi dəyərlər, tarixi yaddaş və xalqın bütövlüyü mühüm yer tuturdu. Dahi Rəhbər bu barədə qeyd edirdi ki: “Milli-mənəvi dəyərlərimizin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, böyük şəxsiyyətləri, elm və mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar.”
Təsadüfi deyil ki, Ümummilli Liderin təşəbbüsü ilə Bibiheybət məscidinin bərpası dini irsə dövlət qayğısının mühüm nümunələrindən biri kimi yadda qalıb.
Bu xətt müasir dövrdə də davam etdirilir. İlham Əliyevin çıxışlarında milli və dini dəyərlərin qorunması, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı hörmətin möhkəmləndirilməsi xüsusi yer tutur. Cənab Prezidentin dünənki Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri ilə görüşündə səsləndirdiyi fikirlər də bu yanaşmanın mahiyyətini aydın göstərir. Dövlət başçısı vurğulayıb ki, “Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir. Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək.”
İslam həmrəyliyinin əməli addımlarla gücləndirilməsi istiqamətində Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları, İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində həyata keçirilən tədbirlər, dini liderlərin görüşləri mühüm nümunələrdir.
Burada Azərbaycanın coğrafi mövqeyi də xüsusi əhəmiyyət qazanır. Azərbaycan Türk dünyası ilə Qafqazın, eyni zamanda, İslam aləminin mühüm kəsişmə nöqtələrindən biridir. Bu mövqe ölkənin müxtəlif dövlətlər və xalqlar arasında dialoqa, əməkdaşlığa və qarşılıqlı anlaşmaya töhfə verməsi üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin çıxışında dini liderlərin bir araya gəlməsi də məhz birlik və əməkdaşlıq baxımından dəyərləndirilməlidir.
Bu yanaşmanı fəlsəfi baxımdan İmanuel Kantın sülh haqqında düşüncələri ilə əlaqələndirmək mümkündür. Kant dövlətlər arasında davamlı sülhün hüquqa, qarşılıqlı etimada və əməkdaşlığa söykənməsini vacib hesab edirdi. Onun fəlsəfəsində sülh sadəcə siyasi vəziyyət deyil, insanlığın gələcəyini müəyyənləşdirən mənəvi və hüquqi prinsip kimi meydana çıxır.
Azərbaycanın Qarabağda həyata keçirdiyi bərpa prosesi bu baxımdan xüsusi məna daşıyır. Böyük Qayıdış Proqramı çərçivəsində insanların doğma torpaqlarına qayıtması, şəhər və kəndlərin yenidən qurulması, sosial infrastrukturun yaradılması bütöv bir həyat məkanının dirçəldilməsini ifadə edir. Cənab Prezident çıxışında artıq 48 şəhər və kənddə insanların məskunlaşdığını və 90 mindən çox insanın Qarabağ və Şərqi Zəngəzurda yaşadığını qeyd etdi.
Əlbəttə ki, bu quruculuğun mənəvi tərəfi isə məscidlərin bərpasında özünü göstərir. Ağdam məscidinin bərpa olunan ilk obyektlərdən biri olması xüsusi rəmzi məna daşıyır. Sonrakı mərhələdə dağıdılmış və zədələnmiş digər məscidlərin də bərpası həyata keçirilib. Cənab İlham Əliyevin rəsmi çıxışından 12 məscidin bərpa edilərək yenidən qurulduğunu və prosesin davam etdiyini bilirik. Əslində, məscid burada yalnız dini məkan funksiyası daşımır. O, yaddaşın, mədəniyyətin və tarixi bağlılığın simvoluna çevrilir. Ağdam məscidinin yenidən ucalması şəhərin fiziki quruculuğu ilə yanaşı, onun mənəvi yaddaşının da bərpasını ifadə edir.
Azərbaycanın sülh gündəliyi də bu mənzərənin mühüm hissəsidir. Prezident İlham Əliyev çıxışında müharibədən sonra sülhə doğru atılan addımları Azərbaycanın gələcək inkişafı və regionun sabitliyi baxımından mühüm istiqamət kimi təqdim etdi. Türk dünyasının və Qafqazın təhlükəsizliyi üçün siyasi iradə, əməkdaşlıq və qarşılıqlı etimad xüsusi əhəmiyyət daşıyır.
Məsələyə qlobal müstəvidən yanaşsaq, Azərbaycan nümunəsində mənəvi irslə müasir dövlətçilik arasında canlı əlaqə meydana çıxır. Seyid Yəhya Bakuvinin düşüncə dünyası mənəvi dəyərləri, Heydər Əliyevin dövlətçilik irsi milli yaddaşı və dövlətçilik şüurunu, müasir Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi isə bu dəyərlərin beynəlxalq müstəvidə ifadəsini önə çıxarır.
Bu üç istiqamətin ortaq məqamı insan və cəmiyyət həyatında mənəvi dayaqların əhəmiyyətidir. Tarixi yaddaş xalqın özünüdərkini gücləndirir, milli və dini dəyərlər cəmiyyətin mənəvi bağlarını möhkəmləndirir, əməkdaşlıq isə bu dəyərləri daha geniş coğrafiyada qarşılıqlı anlaşmaya çevirir.
Bakıda dini liderlərin və mütəfəkkirlərin bir araya gəlməsi də məhz bu baxımdan xüsusi məna daşıyır. Seyid Yəhya Bakuvinin irsinin müzakirə olunduğu bir şəhərdə müxtəlif ölkələrin dini liderlərinin görüşməsi Azərbaycanın tarixi yaddaşı ilə müasir dünyanın sülh və dialoq axtarışlarının bir müstəvidə görüşməsidir. Azərbaycanın bu prosesdə ortaya qoyduğu əsas xətt mənəvi irsin qorunması, milli yaddaşın yaşadılması, dini dəyərlərə hörmət və xalqlar arasında əməkdaşlığın genişləndirilməsi üzərində qurulur. Bu yanaşma Azərbaycanın tarixdən gələn mənəvi sərvətlərini müasir dövlətçilik və beynəlxalq münasibətlər müstəvisində yaşatmaq cəhdinin ifadəsidir.
Seyid Yəhya Bakuvinin əsrlər əvvəl formalaşdırdığı düşüncə irsi, Heydər Əliyevin dövlətçilik məktəbi və Azərbaycanın müasir sülh gündəliyi müxtəlif dövrlərin hadisələri kimi görünsə də, onları birləşdirən əsas xətt insanın və cəmiyyətin mənəvi dayaqlara söykənən inkişafıdır. Bu baxımdan Bakıdakı görüşlər sadəcə dini toplantı xarakteri daşımır, eyni zamanda tarix, mənəviyyat, dövlətçilik və sülh ideyasını eyni düşüncə məkanında birləşdirir. Azərbaycanın zəngin tarixi irsi isə bu dialoqun mənəvi əsasını təşkil edir".