"Süni intellekt yeni nəslin düşüncə tərzini dəyişir"

16 Sentyabr 2026 12:43 (UTC+04:00)

"Son 5 ildə süni intellekt texnologiyaları, o cümlədən ən yeni mobil tətbiqlər və proqramlar həyatın müxtəlif sahələrində olduğu kimi, yeni nəslin mənəviyyatının formalaşmasında və intellektual səviyyəsinin artmasında da öz izlərini buraxmağa başlamışdır. İllər keçir, süni intellekt getdikcə güclənir. Süni intellektə bağlı proqramlar, tətbiqlər əlçatan olur. Əvvəlki kimi onlar pullu və yaxud məhdud imkanlar daxilində yox, çox geniş imkanlar daxilində, pulsuz versiyaları ilə, özü də Amerika və Çinin rəqabəti nəticəsində daha əlçatan formada yeni nəslin nümayəndələrinin ixtiyarındadır". Bu sözləri SİA-ya açıqlamasında ictimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın xan Əbilov deyib.

Onun sözlərinə görə, tədris ilinin başlaması ilə əlaqədar dəfələrlə vurğuladığımız kimi, pedaqoji və təlim-tədris prosesində süni intellektin istifadəsi, əlbəttə ki, müəyyən nəzarət altında, idarə edilən formada mütləq vacibdir: "Biz hələ 15 il bundan qabaq demişdik ki, kağız kitabdan, dərsliklərdən imtina edib, artıq süni intellekt və o cümlədən o vaxtı bizim kəşf etdiyimiz planşet, smartfon vasitəsilə elektron, virtual dərslərin, təlimin, tədrisin keçirilməsinə başlamaq lazımdır.

Bu, ağrılı bir prosesdir. Çünki böyük bir pedaqoji müəllim qoşunu var ki, onlar buna hazır deyillər, buna müqavimət göstərirlər. Amma əvvəl-axır biz buna getməliyik. Bizim başqa variantımız yoxdur. Biz süni intellekt və tədris, süni intellekt və təlim, eyni zamanda yeni informasiya texnologiyalarına və peşələrə yiyələnməyə bir az açıq münasibət bəsləməliyik.

Amma çox qəribədir ki, uşaqlarımız, xüsusilə də yeni nəsil sosial şəbəkələrə daxil olan zaman sanki asosiallaşırlar. Onlar valideynlərdən, dostlardan, ətraf mühitdən qaçmağa başlayırlar. Ona görə də biz müəyyən mənada metodları dəyişməliyik və uşaqların dünyaya baxışı və dünyagörüşlərinə uyğun olaraq, sosial mediada, internet imkanlarından, süni intellektdən istifadə edən yeni nəslin maraqlarına yaxın, onların virtual duyğularını pozmadan yeni internet etik normalarına yiyələnməliyik.

Valideyn, məktəb, cəmiyyət, dövlət qurumları, ictimai təşkilatlar, kütləvi informasiya vasitələri, sosial şəbəkələr, internet saytları – mərkəzdə isə, əlbəttə ki, yeni nəslin nümayəndələri, uşaqlar olmalıdır.

Bəli, uşaqlar yavaş-yavaş sanki bir-biri ilə ünsiyyət bağlamağı yadırğayırlar. Hər tərəfdən bir-birinə video göstərən yeni nəslin nümayəndələrini görürük. Onlar danışmırlar, onlar sadəcə kontentləri bir-birlərinə yönəldirlər. Eyni zamanda virtual aləm, internet və süni intellektlə bağlı yenilikləri daha tez öz gündəlik həyatlarında istifadə etməyə başlayırlar.

Fikir versəniz, Azərbaycanda süni intellektin inkişafı ilə bağlı yaradılan kontentlərin böyük əksəriyyəti yeni nəslin nümayəndələri, uşaqların yaratmış olduğu videolar və bu tipli materiallardır. Onların da böyük əksəriyyətində asosiallaşma hiss olunur, yuxarı nəslin nümayəndələrinə ironik münasibət, milli dəyərləri bəyənməmək, Avropa və dünyanın liberal dəyərlərini daha çox ehtiva edən materiallar hazırlanır.

Üstəlik də nəzərə alsaq ki, bizim təhsildəki bərbad vəziyyət, yeni nəslin intellektual və elmi səviyyəsinin aşağı olması onların birbaşa hazırladığı kontentlərin səviyyəsinə də təsir edir. Və illər keçir, biz bu problemi həll etmədən yeni problemlər onun üstündə qalaqlanır və qalın səddi keçmək mümkün olmayacaq.

Bir azdan, ona görə də mən həmişə təklif eləmişəm ki, Azərbaycan internet resurslarının, süni intellektin inkişafı ilə bağlı xüsusi bir dövlət proqramına və fonduna ehtiyac var. Həmin dövlət proqramı müxtəlif layihələri və qrantları, araşdırmaları maliyyələşdirməlidir. Eyni zamanda bu və digər dərəcədə yeni nəslin bütövlükdə sosial şəbəkələr, süni intellekt, internet və İKT vasitələri ilə bizim millətdən qoparılmasının qarşısı alınmalıdır.

Əlbəttə ki, yeni nəslin, xüsusilə də məktəblilərin, şagirdlərin, tələbələrin həyatda asosiallaşması, sosial şəbəkələrə sosiallaşması çox qəribə bir hal kimi qəbul edilə bilər. Amma bu, bütün dünyada gedən bir prosesdir, bizdə də gedir. Qorxulu hal odur ki, savadsız və ya təhsilə meyl göstərməyən, intellektual səviyyəsi aşağı olan, kreativ yanaşması zəif olan nəsil, toplumlarda, cəmiyyətlərdə bu prosesin mənfi təzahürlərinə daha çox biz rast gəlirik.

Xüsusilə də Azərbaycan cəmiyyəti bizim üçün daha maraqlıdır. Azərbaycanda məktəblərdə tədrisin vəziyyətini izah etməyə ehtiyac yoxdur. Əzbərçilik və, belə demək mümkündürsə, yalnız müəllimin qoyduğu suala cavab vermək metodundan uzaqlaşa bilməyən Azərbaycan təhsili, əlbəttə ki, süni intellekti idarə edə biləcək nəsil yarada bilməz.

Ona görə də süni intellekt artıq bizim uşaqlarımızı əlimizdən alır və biz artıq çox qəribə bir nəsillə qarşı-qarşıyayıq. İlk baxışdan insandır, amma düşüncə tərzi, həyata baxışı, ümumiyyətlə, həyat tərzi sanki robotlara oxşayır, süni intellekt tərəfindən idarə edilir və bu hal getdikcə güclənir.

Fikirləşirəm ki, bununla əlaqədar psixoloqlar, pedaqoqlar, kulturoloqlar, cəmiyyətşünaslar, sosioloqlar xüsusi müzakirələrə başlamalıdırlar. Biz hibrid bir nəslin artıq ilkin işartılarını görürük. Uşaqlar ata-anaları ilə, dost-tanışları ilə danışmır, ünsiyyət qurmur, emosional bağlılığı yoxdur. Amma çox böyük həvəslə süni intellektə öz bütün bilgiləri, həyat tərzləri, sualları, ən intim məsələlərdən tutmuş fəlsəfi məsələlərə qədər müraciət edirlər.

Uşaqlar bəzən elə fikirləşirlər ki, onların verdiyi primitiv suallara primitiv cavab verən süni intellekt onlardan ağıllı deyil. Onlar süni intellektdən ağıllıdırlar. Və bu qədər məsələlər, əlbəttə ki, bizi düşündürür.

İnanıram ki, yaxın vaxtlarda biz bununla əlaqədar xüsusi bir dövlət proqramının qəbulu ilə rastlaşacağıq və problemin həlli, əslində, cəmiyyətin gələcəkdə ola biləcək bir çox digər problemlərinin həlli kimi, Azərbaycan cəmiyyətinin qarşılaşdığı bir çox çətin məsələləri, əlbəttə, cəmiyyətin qarşısında ciddi bir problem olaraq qoyacaq.

Ona görə də mən fikirləşirəm ki, ilk növbədə, hələ ki proqram hazır deyil, bununla bağlı müəyyən araşdırmalar aparılmayıb, nəticələr yoxdur. Yaxşı olar ki, ata-analar, dostlar, tanışlar bir-biri ilə, xüsusilə də övladları ilə, xüsusilə də aşağı sinifdə olan məktəblilərlə daha çox emosional münasibətdə, duyğusal ünsiyyətdə, qarşılıqlı sayğı və sevgi münasibətlərində olsunlar".