Azərbaycan Türk dünyası və İslam aləmində həmrəylik və birləşdirici gücə çevrilib

16 Sentyabr 2026 12:01 (UTC+04:00)

Mətləb Salahov: “Reallıq odur ki, hazırda təşkilatın yaşaması və üzv ölkələr arasında çevik əməkdaşlığın qurulmasında rəsmi Bakı lokomotiv mövqeyə sahibdir”

“Prezident İlham Əliyevin Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirdiyi fikirlər kifayət qədər aktual mövzuları və həm Türk dünyası, həm də İslam dövlətləri ilə münasibətlərin gələcək perspektivlərini əhatə edir. Dövlət başçısının həmrəylik yönündəki mesajları artıq rəsmi Bakının Türk və İslam dünyası üçün birləşdirici və lokomotiv ölkə olduğuna dair aydın təsəvvür yaradır.
Üstəlik, ölkəmizdə davamlı şəkildə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri və konfransları, ilk növbədə, Azərbaycanın artıq bu təşkilatın lokomotiv qüvvə funksiyası daşıdığına bariz nümunədir. Çünki davamlı olaraq bu təşkilatla bağlı mühüm görüşlərin və həlledici qərarların məhz Azərbaycanın ev sahibi olduğu toplantılarda baş tutmasını, eyni zamanda rəsmi Bakının təşəbbüsü ilə qəbul edilən qərarları da nəzərə alsaq, o zaman TDT üçün hərəkətverici qüvvə olaraq Azərbaycanı göstərmək tam haqlı mövqe sayılmalıdır. Bu, sadəcə təkzibedilməz faktdır.”
Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi regionda geosiyasi və geoiqtisadi güc balansını üzv və müşahidəçi dövlətlərin lehinə dəyişməkdədir. Artıq bölgəyə maraq göstərən xarici qüvvələr əvvəllər olduğu kimi, tək bir dövlətlə deyil, artıq bir dövlətlər ittifaqı ilə hesablaşmaq zərurəti ilə qarşılaşıblar.
“Bu faktın özü TDT-nin ciddi qüvvə kimi formalşmağa başladığını göstərir. Amma əsas məsələ bəzi fərqliliklərə baxmayaraq, Türk dövlətləri arasında həmrəylik və ortaq fəaliyyətin daha da gücləndirilməsinə nail olmaqdır. Bu, olduqca aktual məsələdir. Çünki bəzi xarici qüvvələr Türk dövlətləri arasında fikir ayrılığı yaratmaq və birliklərini sarsıtmaq üçün fəaliyyətə keçiblər. Təşkilatın güclənməsi və təhlükəsizliyi üçün daxili birliyi qorumaq və üzv ölkələr arasında iqtisadi bağları sıxlaşdırmaq ən vacib işdir. Bu işi uğurla sonlandırmaq mümkün olacaqmı? - onu da zaman göstərəcək”.

Afət Tahirqızı