Prezident İlham Əliyevin 30 illik ikili standartların ifşası və döyüş meydanında bərpa olunan ədalətlə bağlı söylədiyi fikirlər
Prezident İlham Əliyevin sentyabrın 15-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci iclasının nümayəndələrini, Yəhya Bakuvi Beynəlxalq Konfransının təşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edərkən etdiyi çıxış mühüm xarici siyasət, milli-mənəvi dəyərlər və ideoloji mesajlarla zəngindir. Çıxışın ana xətti və strateji istiqamətləri bu gün müzakirə və təhlil olunan əsas mövzulardandır
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, ayrı-ayrılıqda hər bir ölkə xarici təzyiqlər və ya ədalətsizliklərlə üzləşə bilər, lakin Türk dünyası, Qafqaz və İslam aləmi bir yerdə olduqda heç bir qüvvə onlara qarşı ədalətsizlik edə bilməz. Bu birlik yalnız mədəni-dini platforma deyil, Azərbaycan dövlətinin aparıcı xarici siyasət xəttinin fundamental dayaqlarından biridir.
Türk Dünyası və İslam Əməkdaşlığının Strateji Birliyi, sadəcə tarixi-mədəni köklərə sadiqlik deyil, müasir beynəlxalq münasibətlər sistemində yeni geostrateji güc mərkəzinin formalaşması deməkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tək-tək ölkələr qlobal təzyiqlərə məruz qala bilsələr də, bu iki böyük coğrafi-mənəvi qütbün sinerjisi hər bir üzv dövlət üçün sarsılmaz təhlükəsizlik və inkişaf qalxanı yaradır.
Bu strateji birliyin əsas sütunlarını və inkişaf dinamikasını 4 ana istiqamətdə təhlil etmək olar. Birincisi, Türk Dövlətləri Təşkilatı (TDT) mədəni ittifaqdan qlobal güc mərkəzinə çevrilib. Türk dünyasının inteqrasiyası artıq sadəcə "ortaq dil və soy" ritorikası deyil, konkretiyyət kəsb edən siyasi-iqtisadi və hərbi-müdafiə tərəfdaşlığıdır.
Prezidentin "Bizim ailəmiz Türk dünyasıdır" ifadəsi Azərbaycanın xarici siyasətində TDT ailə modeli kimi qəbul olunur. Təşkilatın 21-ci əsrin aparıcı güc mərkəzlərindən birinə çevrilməsi üçün hərbi potensialın əlaqələndirilməsi, birgə təlimlər və müdafiə sənayesi layihələri həyata keçirilir.
TDT üzvü olan ölkələr nəhəng enerji resurslarına, gənc demoqrafik struktura və əvəzsiz tranzit imkanlarına malikdir. Orta Dəhliz layihəsi Türk dünyasını qlobal ticarətin mərkəzi arteriyasına çevirir.
İslam Əməkdaşlıq Təşkilatı və qlobal həmrəylik
İslam aləmi ilə inteqrasiya Azərbaycanın suverenliyi və beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır. İƏT 30 illik işğal dövründə və Post-Münaqişə mərhələsində Azərbaycanın haqlı mövqeyini, Qarabağda törədilən vandallıqların pislənməsini ardıcıl olaraq dəstəkləyən ən fəal beynəlxalq platformalardan biri olmuşdur.
Qərbdə artmaqda olan dini ayri-seçkiliyə, "Qurani-Kərim"in təhqir olunmasına və müsəlman icmalarına qarşı ikili standartlara qarşı vahid mövqedən çıxış etmək bu birliyin əsas öhdəliklərindən biridir. Azərbaycan həm TDT-nin, həm də İƏT-in fəal üzvü kimi iki böyük platforma arasında tabii və geostrateji körpü rolu oynayır. Cənubi Qafqaz Türk dünyası və İslam aləminin strateji qovşağında yerləşir. Bu üç coğrafiyanın maraqlarının Bakıda kəsişməsi regiona xarici müdaxilələrin və təzyiqlərin qarşısını alır.
Azərbaycan İslam dəyərlərinə sadiqliklə dünyəvi dövlət modelini, eləcə də multikulturalizmi sintez edərək Türk-İslam dünyası üçün müasir inkişaf nümunəsi təqdim edir.
Gələcək perspektivlər
Bu strateji birliyin gələcəyi bir neçə əsas hədəfə söykənir. Birincisi ortaq maliyyə və sənaye resursları. Türk Yatırım Fondu kimi alətlərlə daxili ticarət həcminin artırılması və xarici asılılığın azaldılması. İkincisi, məlumat və təhlükəsizlik mübadiləsi. Kiberməkanda, dezinformasiya ilə mübarizədə və regional təhlükəsizlik məsələlərində (Mərkəzi Asiya, Qafqaz, Yaxın Şərq) birgə hərəkət mexanizmlərinin təkmilləşdirilməsi.
Türk Dünyası və İslam Əməkdaşlığı bir-birini əvəz edən deyil, bir-birini tamamlayan və gücləndirən iki strateji halqadır. Bu birlik təkcə geostrateji maraqları qorumur, həm də qlobal miqyasda ədalətsizliyə və ikili standartlara qarşı balansı bərpa edən mühüm faktor kimi çıxış edir.
İşğal dövrünün fəsadları, ikili standartlar və ədalətin bərpası
Prezident İlham Əliyev çıxışında işğal dövründə Ağdam başda olmaqla Azərbaycan şəhər və kəndlərinin yerlə-yeksan edilməsi, mədəni-dini irsin talan olunması (məscidlərin dağıdılması və təhqir edilməsi, qəbir daşlarının sökülüb aparılması) xatırladılıb. Dövlət başçısı vurğulayıb ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxladığı, etnik təmizləmə apardığı halda, ona qarşı heç bir beynəlxalq sanksiya tətbiq olunmadı. Bu, beynəlxalq münasibətlərdəki ikili standartların bariz nümunəsidir.
Prezident Azərbaycanın öz gücü və şəhidlərinin qanı hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini bildirib. Əsas mənasal vurğu ondan ibarətdir ki, Azərbaycan Ermənistandan fərqli olaraq heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb, intiqamını yalnız döyüş meydanında alıb. İlham Əliyevin nümayəndə heyəti ilə görüşündə işğal dövrünün fəsadları, ikili standartlar və ədalətin bərpa olunması məsələlərinə xüsusi yer ayırması təsadüfi deyil. Bu tezislər Azərbaycanın 30 illik tarixi təcrübəsinə, post-münaqişə dövrünün gerçəkliklərinə və beynəlxalq münasibətlər sisteminin mövcud böhranına işıq tutan fundamental siyasi-mənəvi bəyanatdır.
Dövlət başçısının çıxışına istinadən bu məsələnin geniş şərhini 3 ana müstəvidə vermək olar. Birincisi, işğal dövrünün fəsadları, ikincisi, şəhərsalmanın silinməsi və üçüncüsü, mədəni genosid. Prezident çıxışında 30 illik işğalın sadəcə torpaqların zəbt edilməsi olmadığını, bunun eyni zamanda sistemli bir mədəni və mənəvi təmizləmə siyasəti olduğunu vurğulayıb.
İşğal olunmuş ərazilərdə 60-dan çox məscidin tamamilə dağıdılması, saxlanılan bir neçə məsciddə isə təhqiramiz şəkildə heyvanların (donuz və mal-qara) saxlanılması İslam dünyasına, eləcə də bəşəri dəyərlərə qarşı törədilmiş vandalizm aktıdır. Ağdamın "Qafqazın Xirosiması" adlandırılması, Füzuli, Cəbrayıl, Zəngilan kimi şəhərlərdə tək bir sağlam tikilinin saxlanılmaması, hətta qəbiristanlıqların dağıdılıb qızıl dişlərin və qəbir daşlarının sökülməsi işğalçı zehniyyətin miqyasını nümayiş etdirir.
Dövlət başçısının çıxışındakı ən kəskin və qərəzsiz tənqid beynəlxalq aləmdə, xüsusən də bəzi Qərb mərkəzlərində hökm sürən ikili standartlar siyasətinə yönəlib. Azərbaycan torpaqları işğal altında olanda, 1 milyondan çox insan qaçqın və məcburi köçkün düşəndə, BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi kağız üzərində qalanda işğalçı Ermənistana qarşı heç bir beynəlxalq sanksiya tətbiq olunmadı.
Bu gün eyni beynəlxalq aktorlar və təşkilatlar başqa regionlarda suverenlik və sərhəd toxunulmazlığından bəhs etdikləri halda, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini "həzm edə bilmirlər". Prezident bu faktı ifşa edərək göstərdi ki, beynəlxalq hüquq bəzi güclər üçün yalnız öz maraqlarına xidmət edəndə keçərlidir.
Prezident Əliyevin bəyanatında ən mühüm nüanslardan biri ədalətin necə və hansı şərtlərlə bərpa olunması ilə bağlı idi. Azərbaycan beynəlxalq aləmdən lütf və ya kömək gözləmədi. BMT Nizamnaməsinin 51-ci maddəsinə (özünümüdafiə hüququ) söykənərək, 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri ilə beynəlxalq hüququ özü bərpa etdi.
Ali Baş Komandan vurğulayıb ki, Azərbaycan Ordusu işğalçıdan fərqli olaraq heç vaxt mülki əhaliyə, uşaqlara, qocalara əl qaldırmadı. Azərbaycan intiqamını və qisasını dinc insanlardan deyil, yalnız və yalnız döyüş meydanında düşmənin hərbi birləşmələrindən aldı. Bu, zəfərin mənəvi paklığını və Azərbaycan dövlətinin aliliyini göstərən ən vacib faktdır.
Prezident İlham Əliyevin bu çıxışı həm Türk-İslam dünyasına, həm də beynəlxalq ictimaiyyətə verilmiş aydın bir mesajdır: Ədalət dilənmir, ədalət bərpa edilir. Azərbaycan 30 il ərzində haqsızlığa, ikili standartlara və mədəni soyqırıma məruz kalsa da, mənəvi dəyərlərini itirmədən, öz gücü və şəhidlərinin qanı hesabına tarixi ədaləti bərpa etdi. Bu gün Qarabağda ucalan azanlar və aparılan nəhəng quruculuq işləri həmin ədalətin ən canlı sübutudur.
Qərbdə İslam dinini terrorla eyniləşdirmək, "Qurani-Kərim"i təhqir etmək kimi faktların təsadüfi deyil, xristian-səlibçi təfəkküründən qaynaqlanan məqsədyönlü siyasət olduğu açıq şəkildə bəyan edildi.
Azərbaycanın milli-mənəvi dəyərlərə sadiqliyi və xalqımıza, dinimizə yad olan zərərli meyillərin ölkədə kök salmasına izin verməməsi dövlətin əsas prinsipi kimi qeyd olundu.
XV əsrdə yaşamış mütəfəkkir Seyid Yəhya Bakuvinin xatirəsinə həsr olunmuş konfransın keçirilməsi Azərbaycanın öz tarixi və mədəni irsinə verdiyi yüksək dəyərin göstəricisidir.
Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş qalib dövlət kimi regional liderliyini saxlayır, Türk-İslam dünyasının inteqrasiyasında katalizator rolunu oynayır və beynəlxalq aləmdəki ədalətsizliklərə, islamofobiyaya qarşı prinsipial, suveren mövqe nümayiş etdirir.
V.VƏLİLİ