İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində bir sıra görüşlər, həmçinin ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, İsveçrə Konfederasiyasının Prezidenti, Federal İqtisadi Məsələlər, Təhsil və Tədqiqat Departamentinin rəhbəri Gi Parmelen iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
Qəbulda Azərbaycan–İsveçrə münasibətlərinin gündəliyindəki məsələlər müzakirə olunub. Ölkələrimiz arasında möhkəm ikitərəfli əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslandığı, tərəfdaşlığın qarşıdakı dövrdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.
Ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyəti çərçivəsində yeni istiqamətlərin müəyyənləşdirilməsi, həmçinin humanitar əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrə Konfederasiyasının Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Andrea Rauber Saxer ilə görüşüb.
Görüşdə Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlərə dair fikir mübadiləsi aparılıb. İki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və yeni birgə təşəbbüslərin reallaşdırılmasının iqtisadi tərəfdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyi bildirilib.
Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası keçirilib.
Birgə Komissiyanın həmsədrləri Mikayıl Cabbarov və Andrea Rauber Saxerin iştirak etdiyi iclasda Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər, həmçinin ticarət və investisiya əlaqələrinin mövcud vəziyyəti nəzərdən keçirilib.
İsveçrə Konfederasiyası ilə tərəfdaşlığın ikitərəfli formatda və beynəlxalq maliyyə qurumları çərçivəsində genişləndirilməsi məsələləri müzakirə olunub.
Sənaye, enerji, rəqəmsal iqtisadiyyat, innovasiya, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın yeni perspektivləri diqqətə çatdırılıb. Azərbaycanın əlverişli investisiya mühiti, strateji nəqliyyat bağlantıları, yaşıl enerji potensialı və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlərin xarici tərəfdaşlar üçün yaratdığı imkanlar vurğulanıb. Ölkəmizdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biznesin inkişafı üçün tətbiq olunan dövlət dəstəyi mexanizmləri diqqətə çatdırılıb.
İclasın yekununda Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasının Protokolu imzalanıb.