“Bakının azadlığı Azərbaycan-Türkiyə qardaşlığının tarixi dönüş nöqtəsi oldu” -ŞƏRH

15 Sentyabr 2026 15:58 (UTC+04:00)

“15 sentyabr 1918-ci il Azərbaycan tarixində böyük siyasi və dövlətçilik əhəmiyyəti daşıyan mühüm tarixlərdən biridir”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, həmin gün Qafqaz İslam Ordusu ilə Azərbaycan milli hərbi qüvvələrinin birgə səyləri nəticəsində Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin gələcək fəaliyyətinin siyasi və institusional baxımdan möhkəmlənməsi üçün mühüm imkan yaratdı:
“Bakının azad edilməsinin əhəmiyyəti, ilk növbədə, şəhərin Azərbaycanın siyasi, iqtisadi və strateji mərkəzi olması ilə bağlı idi. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin mayında Tiflisdə elan olunduqdan sonra hökumət Gəncədə fəaliyyət göstərirdi. Bakının nəzarətdə olmaması yeni yaradılmış dövlətin həm siyasi legitimliyinə, həm də idarəçilik imkanlarına ciddi məhdudiyyət yaradırdı. Buna görə də Bakının azad olunması Cümhuriyyətin paytaxtına sahib çıxması və dövlət hakimiyyətinin ölkənin əsas siyasi mərkəzində bərqərar olması baxımından həlledici mərhələ idi.
Bu hadisənin digər mühüm tərəfi Azərbaycan milli ordusunun formalaşması və onun döyüş qabiliyyətinin nümayiş etdirilməsi idi. Azərbaycan hərbi hissələrinin Qafqaz İslam Ordusunun tərkibində iştirakı sonrakı dövr üçün milli hərbi ənənələrin inkişafına ciddi təsir göstərdi. Burada Azərbaycan və Osmanlı hərbi qüvvələrinin əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyırdı. Bu əməkdaşlıq siyasi və mənəvi yaxınlığın təkcə ideoloji müstəvidə deyil, həm də real tarixi şəraitdə qarşılıqlı dəstək formasında təzahür etdiyini göstərdi.
Bakının azad edilməsinin nəticələri yalnız 1918-ci ilin siyasi mənzərəsi ilə məhdudlaşmadı. Cümhuriyyət hökumətinin Bakıya köçməsi dövlət institutlarının fəaliyyətinin genişləndirilməsi, parlamentin və hökumət strukturlarının paytaxtda fəaliyyət göstərməsi üçün şərait yaratdı. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu prosesi daha əlverişli siyasi mühit qazandı.
15 sentyabrın müasir Azərbaycan üçün başqa bir əhəmiyyəti də ondan ibarətdir ki, bu tarix Azərbaycan-Türkiyə münasibətlərinin tarixi dərinliyini göstərən hadisələrdən biridir. Qafqaz İslam Ordusunun Azərbaycan milli qüvvələri ilə birlikdə Bakının azad edilməsində iştirakı iki ölkə arasında hərbi və siyasi əməkdaşlığın tarixi nümunəsidir. Bu baxımdan həmin hadisənin xatirəsi bu gün də Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakterinin formalaşmasına təsir edən tarixi amillərdən biri kimi çıxış edir.
Ümumiyyətlə isə 15 sentyabr 1918-ci ili təkcə Bakının azad edildiyi gün kimi qiymətləndirmək hadisənin tarixi miqyasını daraltmaq olardı. Bu tarix Azərbaycan dövlətçiliyinin siyasi mərkəzinin formalaşması, milli ordunun dövlət quruculuğundakı rolunun üzə çıxması və Azərbaycan-Türkiyə qardaşlığının tarixi əsaslarının daha aydın görünməsi baxımından dönüş nöqtəsidir”.