“Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin ən mühüm komponentlərindən biridir” -HAKAN FİDAN

15 Sentyabr 2026 15:44 (UTC+04:00)

15 sentyabr 1918-ci il Azərbaycanın tarixində mühüm günlərdən biridir. Həmin gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə səyləri nəticəsində Bakı bolşevik-daşnak qüvvələrindən azad edilib.

SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi brifinqdə deyib.

Hakan Fidan 15 sentyabr tarixinin Azərbaycan-Türkiyə münasibətləri baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Bu gün keçirilən görüşlərin də məhz bu əlamətdar tarixə təsadüf etməsini xüsusi əhəmiyyətli hesab edirəm. Vətənlərinin müstəqilliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizi hörmət və rəhmətlə yad edirəm”.

Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunub və görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb.

“İkitərəfli münasibətlərimiz, xüsusilə gündəmdə olan məsələlərlə bağlı Prezident İlham Əliyevin fikir və qiymətləndirmələrini dinləmək imkanımız oldu. Liderlərimizin müxtəlif məsələlər üzrə bir-birlərinin mövqelərindən və yanaşmalarından məlumatlı olması, Azərbaycan-Türkiyə münasibətlərində koordinasiyanın təmin edilməsi olduqca vacibdir”, - deyə Hakan Fidan vurğulayıb.

O, Azərbaycan-Türkiyə münasibətlərində iqtisadi və ticarət əməkdaşlığının mühüm istiqamətlərdən biri olduğunu bildirib. Nazir qarşılıqlı investisiyaların, birgə layihələrin və ticarət əlaqələrinin daha da artırılmasının vacibliyini qeyd edib.

“Prezidentlərimiz tərəfindən qarşıya qoyulan 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə ən qısa zamanda çatmaq üçün bütün qurumlarımız, peşə təşkilatlarımız və ticarət palatalarımız səfərbər olmalıdır”, - deyə o əlavə edib.

Hakan Fidan enerji, nəqliyyat və bağlantı infrastrukturu sahəsində əməkdaşlığın da strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, Bakı-Tbilisi-Qars dəmir yolunu Orta Dəhlizin ən mühüm komponentlərindən biri kimi qiymətləndirib və bu imkanlardan səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb.