“Türkiyə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri öz mövqeyini ortaya qoyub” -HAKAN FİDAN

15 Sentyabr 2026 15:06 (UTC+04:00)

Qara dənizdə gəmilərə hücumla bağlı münaqişə tərəflərinə (Rusiya və Ukrayna - red.) lazımi xəbərdarlıq edilib.

SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat üçün brifinqdə deyib.

O, bugünkü görüşdə azərbaycanlı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini də müzakirə etdiklərini bildirib:

"Son vaxtlar Qara dənizdə yük gəmilərinə qarşı hücumlar ciddi narahatlıq doğurur. Təəssüf ki, Azərbaycan və Türkiyə vətəndaşları arasında həlak olanlar da var. Biz münaqişə tərəflərinə bu məsələ ilə bağlı lazımi xəbərdarlıqlarımızı edirik. Son günlərdə bu təmaslar daha da artırılıb".

Nazir həmçinin qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına ciddi təsir göstərir:

"Türkiyə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri öz mövqeyini ortaya qoyub. Prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələdə nümayiş etdirdiyi mövqeyi sahədə gerçəkləşdirmək üçün işlər görülüb. Tərəflərlə danışıqlar aparmışıq, bununla bağlı işlər davam etdirilir. Bu müharibə dünya iqtisadiyyatına da böyük ziyan vurur".

Eyni zamanda Hakan Fidan vurğulayıb ki, ABŞ, Türkiyə və digər dövlətlər müharibənin bitməsi üçün çalışmaların davam etdirir.

"Qara dənizlə bağlı tərəflərlə görüşürük, cavab alırıq. Həmçinin təkliflər veririk. Artıq hədəfə alınmayan yer yoxdur. Müharibənin daha da genişlənməməsi üçün bu müharibə dayandırılmalıdır. Düşünürəm ki, artıq hər iki tərəf psixoloji cəhətdən də yorulub. Belə dönəmdə artıq əlaqələndirici ölkələr işlərini, təmaslarının gücləndirir".