"Fizioterapiya haqqında cəmiyyətdə müəyyən yanlış təsəvvürlər mövcuddur. Bəzən fizioterapiya yalnız “masaj”, bəzən isə “tok” kimi tanınır. Halbuki fizioterapiya və reabilitasiya bundan qat-qat geniş anlayışdır". Bu sözləri SİA-ya açıqlamasında Həkim fizioterapevt Şəhla Qafarova deyib.
Onun sözlərinə görə, reabilitasiya insanın funksionallığını optimallaşdırmağa, məhdudiyyətləri azaltmağa və gündəlik həyatdakı müstəqilliyini artırmağa yönəlmiş tibbi xidmətdir: "Ümumdünya Səhiyyə Təşkilatı da reabilitasiyanı fərdin ehtiyaclarına və məqsədlərinə uyğun, şəxsə yönəldilmiş xidmət kimi müəyyən edir.
Fizioterapiyaya müraciət edən pasiyentlərin ən çox etdiyi səhvlərdən biri müalicəyə əvvəlcədən konkret prosedur seçərək gəlməkdir.
1. Həkimə konkret proseduru tələb etməklə müraciət etmək
Pasiyentlər qonşusundan, dostundan, tanışından və ya internetdən müəyyən bir prosedurun adını eşidərək həkimə gəlib məhz həmin proseduru tələb edə bilirlər. Praktikada bu halla sıx rastlaşırıq.
Məsələn, “Mənə lazer yazın”, “Mənə tok verin”, “Mənə maqnit qoyun”, “Mənə masaj edin” kimi müraciətlər eşidirik.
Lakin fizioterapiyada əsas məsələ prosedurun adı deyil, pasiyentin klinik vəziyyətidir. Eyni xəstəlik diaqnozu olan iki insanın belə müalicə proqramı tamamilə eyni olmaya bilər. Çünki pasiyentin yaşı, ümumi sağlamlıq vəziyyəti, yanaşı xəstəlikləri, funksional vəziyyəti, ağrının xarakteri, xəstəliyin mərhələsi, məqsədi və müalicəyə reaksiyası fərqli ola bilər.
Buna görə fizioterapiyada prinsip belədir: əvvəlcə pasiyent qiymətləndirilir, sonra məqsəd müəyyənləşdirilir və bundan sonra uyğun müdaxilələr seçilir. Reabilitasiya proqramı pasiyentin konkret vəziyyətinin qiymətləndirilməsindən sonra fərdi məqsədlərə, müdaxilənin növünə, intensivliyinə və müddətinə uyğun hazırlanmalıdır.
Necə deyərlər: “Medice, cura aegrotum, sed non morbum.”
Latınca bu ifadənin mənası “Həkim, xəstəni müalicə et, xəstəliyi deyil” deməkdir.
Bu ifadənin əsas mahiyyəti ondan ibarətdir ki, həkim yalnız diaqnoza deyil, həmin diaqnozu daşıyan konkret insana yanaşmalıdır. Bu prinsip müasir pasiyent-mərkəzli tibbi yanaşma ilə də uzlaşır.
2. Bir neçə ağrıyan nahiyənin hamısının eyni vaxtda müalicə edilməsini istəmək
Digər geniş yayılmış səhv pasiyentin bir neçə ağrıyan nahiyəsini sadalayaraq hamısının eyni vaxtda müalicə edilməsini istəməsidir.
Məsələn, bel, boyun, diz və çiyin ağrısı olan pasiyent bütün nahiyələr üçün eyni anda prosedur tələb edə bilər.
Lakin müalicə planı “ən çox ağrıyan yer” prinsipinə əsasən deyil, klinik qiymətləndirməyə əsasən qurulur. Fiziki amillərin orqanizmə təsiri müxtəlif fizioloji və bioloji mexanizmlərlə həyata keçirilir. Buna görə həkim müalicə zamanı prioritet sahəni, əsas funksional problemi və müalicənin məqsədini müəyyənləşdirir.
Bəzən bir problemin həlli digər problemlərin də azalmasına səbəb ola bilər. Bəzən isə müalicə mərhələli şəkildə aparılmalıdır. Yəni bütün ağrıyan nahiyələrə eyni anda müdaxilə etmək həmişə daha yaxşı nəticə demək deyil.
3. Müxtəlif fiziki amillərin hamısını eyni vaxtda qəbul etmək istəmək
Bəzən pasiyent düşünür ki, nə qədər çox prosedur qəbul etsə, bir o qədər tez sağalacaq.
“Mənə həm lazer, həm elektroterapiya, həm maqnit, həm masaj, həm də başqa prosedurlar yazın” kimi yanaşmalarla qarşılaşmaq mümkündür.
Əslində isə fizioterapiyada çox prosedur daha yaxşı müalicə demək deyil.
Peşəkar həkim-fizioterapevt seçilən fiziki amillərin təsir mexanizmlərini, göstəriş və əks-göstərişlərini, onların bir-biri ilə uyğunluğunu, pasiyentin ümumi vəziyyətini və müalicənin məqsədini nəzərə alaraq proqram hazırlayır.
Məqsəd pasiyentə mümkün qədər çox prosedur tətbiq etmək deyil. Məqsəd pasiyent üçün uyğun, təhlükəsiz və məqsədyönlü müdaxilələri seçərək funksional nəticəni yaxşılaşdırmaqdır.
Reabilitasiya proqramında müdaxilələrin növü və intensivliyi pasiyentin vəziyyətinə və müalicənin gedişatına uyğun dəyişdirilə bilər.
4. Fizioterapiyanı yalnız ağrını aradan qaldıran prosedur kimi qəbul etmək
Pasiyentlərin səhvlərindən biri fizioterapiyanı yalnız ağrını aradan qaldıran prosedur kimi qəbul etməkdir.
Fizioterapiyanın məqsədi yalnız ağrını azaltmaq deyil. Ağrının azalması çox zaman vacib məqsədlərdən biridir, lakin reabilitasiyanın daha geniş məqsədləri var. Bunlara hərəkətliliyin, funksional imkanların və gündəlik fəaliyyətlərin yaxşılaşdırılması, fiziki məhdudiyyətlərin azaldılması və insanın mümkün qədər müstəqil həyata qayıtması daxildir.
Ona görə pasiyent “Ağrım keçdi, deməli, müalicə bitdi” düşüncəsi ilə özbaşına müalicəni dayandırmamalıdır. Çünki ağrı azalsa da, hərəkət məhdudiyyəti, əzələ zəifliyi, düzgün olmayan hərəkət stereotipi və ya funksional problem davam edə bilər.
5. Müalicəyə fasilələrlə gəlmək və kursu yarımçıq saxlamaq
Digər mühüm səhvlərdən biri müalicəyə fasilələrlə gəlmək, həkim tərəfindən müəyyən edilmiş müalicə kursunu tamamlamamaq və seansları yarımçıq saxlamaqdır.
Bu, bəzən belə baş verir: pasiyent bir neçə seansdan sonra özünü yaxşı hiss etdikdə müalicəni dayandırır, daha sonra ağrı yenidən yarandıqda müalicəyə qayıdır.
Lakin reabilitasiya çox vaxt təkrar seanslardan ibarət olur və seansların tezliyi, intensivliyi və seçilən müdaxilələr pasiyentin gedişatına uyğun müəyyən edilir.
Buna görə pasiyent həkimin təyin etdiyi müalicə rejiminə mümkün qədər ardıcıl əməl etməli, seansları özbaşına azaltmamalı və müalicəni özbaşına dayandırmamalıdır.
6. Fizioterapiyanı yalnız klinikada qəbul edilən prosedurlardan ibarət hesab etmək
Pasiyent müalicə planını qəbul etməli və ona riayət etməlidir. O anlamalıdır ki, fizioterapiya yalnız klinikada qəbul edilən prosedurlardan ibarət deyil.
Bir çox reabilitasiya proqramında pasiyentə evdə yerinə yetirməli olduğu hərəkətlər, düzgün hərəkət və yük rejimi, ergonomik tövsiyələr və gündəlik fəaliyyətlə bağlı məsləhətlər də verilir.
Pasiyentin klinikada aldığı prosedurları evdə verilən tövsiyələrlə tamamlaması müalicə prosesinin mühüm hissəsidir. Reabilitasiya insanın gündəlik həyatdakı funksionallığını artırmağa yönəldiyi üçün pasiyentin aktiv iştirakı xüsusi əhəmiyyət daşıyır.
7. Müalicə bitdikdən sonra nəzarət və təkrar qiymətləndirməni gecikdirmək
Bəzi pasiyentlər müalicə kursunu başa vurduqdan sonra uzun müddət həkimə müraciət etmirlər və yalnız problem yenidən kəskinləşdikdə müalicə axtarırlar.
Halbuki bir çox xroniki və təkrarlanan problemlərdə periodik qiymətləndirmə, funksional vəziyyətin izlənməsi və ehtiyac yarandıqda reabilitasiya proqramının yenilənməsi faydalıdır.
Reabilitasiya statik deyil, dinamik prosesdir. Pasiyentin vəziyyəti dəyişdikcə məqsədlər və tətbiq olunan müdaxilələr də dəyişə bilər.
Sonda pasiyentlərə tövsiyəm
Fizioterapiyaya müraciət edərkən prosedurun adını deyil, öz sağlamlığınızı ön plana qoyun.
Qonşunuzun, dostunuzun və ya tanışınızın hansı prosedurdan fayda görməsi sizin üçün həmin prosedurun mütləq uyğun olduğu anlamına gəlmir. Çünki xəstəlik eyni ola bilər, amma xəstə eyni deyil.
Fizioterapiya “nə qədər çox prosedur, bir o qədər yaxşı nəticə” prinsipi ilə deyil, düzgün qiymətləndirmə, düzgün məqsəd, düzgün seçilmiş müdaxilə və ardıcıl müalicə prinsipi ilə aparılmalıdır.
Mən bir həkim-fizioterapevt kimi bütün pasiyentlərə tövsiyə edərdim ki, seçdiyiniz mütəxəssisə etibar edin, müalicə zamanı sizə təyin olunan prosedurlara ardıcıl əməl edin, rejimi pozmayın, müalicəni özbaşına yarımçıq dayandırmayın və ehtiyac olduqda periodik qiymətləndirmə üçün həkiminizə vaxtında müraciət edin.
Unutmayaq ki, fizioterapiyada məqsəd sadəcə ağrını azaltmaq deyil. Əsas məqsəd insanın hərəkətliliyini, funksional imkanlarını, gündəlik həyatdakı müstəqilliyini və həyat keyfiyyətini mümkün qədər yaxşılaşdırmaqdır".