"Məktəblərdə süni intellektdən düzgün istifadə etmək vacibdir" - TƏHSİL EKSPERTİ

15 Sentyabr 2026 12:32 (UTC+04:00)

"Yeni tədris ilində şagirdlərin süni intellektdən daha çox istifadə etməsi təbii prosesdir. Süni intellekt alətləri gündən-günə genişlənir və təkmilləşir. Bu səbəbdən bu gün Rəqəmsal Məktəb Platformasında həm müəllimlər, həm də şagirdlərin istifadə etməsi üçün müəyyən süni intellekt alətləri ödənişsiz təqdim edilir". Bu sözləri SİA-ya açıqlamasında təhsil mütəxəssisi Çingiz Səfərli deyib.

Onun sözlərinə görə, burada əsas məsələ süni intellektdən istifadə edib-etməmək deyil, ondan necə istifadə etməkdir: "Düzgün istifadə olunduqda süni intellekt şagirdin öyrənməsinə ciddi dəstək verə bilər. Şagird başa düşmədiyi mövzunu daha sadə formada izah etdirə, əlavə tapşırıqlar hazırlaya, xarici dil öyrənə, səhvlərini müəyyənləşdirə və müxtəlif mövzular üzrə əlavə məlumat əldə edə bilər.

Amma şagird tapşırığı özü düşünmədən tamamilə süni intellektə həvalə edib hazır cavabı təqdim edirsə, burada artıq texnologiya öyrənməyə kömək etmir, öyrənmənin özünü əvəz edir. Əsas risk də budur. Bu, zamanla şagirdin düşünmək, araşdırmaq, yazmaq və problem həll etmək bacarıqlarının zəifləməsinə gətirib çıxara bilər. Üstəlik, süni intellektin verdiyi hər məlumat doğru deyil. Ona görə də məlumatı yoxlamaq və ona tənqidi yanaşmaq bacarığı da formalaşdırılmalıdır.

Əslində, texnologiyanın inkişafının yaratdığı bu narahatlıq yeni deyil. Kompüterlər geniş yayılmağa başlayanda da onların insanların iş yerlərini əlindən alacağı, insanları tənbəlləşdirəcəyi və müəyyən bacarıqları sıradan çıxaracağı ilə bağlı fikirlər səslənirdi. Zaman göstərdi ki, elektronlaşma bir çox sahədə insanların işini, əksinə, daha da asanlaşdırdı. Eyni zamanda yeni bir reallıq yarandı: kompüterdən istifadə etməyi öyrənməyən insan əmək bazarında digərlərindən geri qalmağa başladı. Bu gün bir çox sahədə kompüter bacarıqları olmadan uğurlu karyera qurmaq kifayət qədər çətindir.

Süni intellektə də bu prosesin davamı kimi yanaşmalıyıq. Onu qadağan etmək və ya ondan uzaq durmaq əvəzinə, imkanlarını maksimum dərəcədə öyrənməli və lazım olan yerdə düzgün tətbiq etməyi bacarmalıyıq. Bu bacarıqlar məktəbdən formalaşdırılmalıdır. Şagird anlamalıdır ki, süni intellekt onun əvəzinə düşünmək üçün deyil, daha yaxşı öyrənməsinə və daha məhsuldar işləməsinə kömək etmək üçün vasitədir.

Ona görə də hesab edirəm ki, məktəblərdə əsas məqsəd süni intellektdən istifadəni qadağan etmək yox, süni intellektdən düzgün istifadə mədəniyyətini formalaşdırmaq olmalıdır. Çünki yaxın gələcəkdə üstünlük süni intellektdən istifadə etməyənlərdə deyil, ondan doğru və məqsədyönlü istifadə etməyi bacaranlarda olacaq".