“Məqsəd yalnız bilikli gənclər yetişdirmək deyil, onların ideyalarını reallaşdırmaqdır” -DEPUTAT DANIŞDI

15 Sentyabr 2026 10:03 (UTC+04:00)

“Prezident İlham Əliyevin “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirakı Azərbaycanın gələcəyinin elm, təhsil, innovasiya və güclü insan kapitalı üzərində qurulduğunu göstərən mühüm hadisədir”.

Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, SABAH təşəbbüsü əslində uzun illərdir həyata keçirilən məqsədyönlü siyasətin davamıdır:

”2014-cü ildən fəaliyyət göstərən SABAH qrupları istedadlı və perspektivli gənclərin daha keyfiyyətli təhsil almasına, onların bilik və bacarıqlarının inkişafına yeni imkanlar yaradıb. Bu layihənin uğurlu nəticələri göstərdi ki, gənclərə düzgün şərait və imkan yaradıldıqda onlar ölkənin inkişafında mühüm qüvvəyə çevrilirlər.

Bu gün “SABAH.city” ilə həmin yanaşma daha böyük miqyasda davam etdirilir. Burada təhsil, elm, innovasiya, startaplar və biznes bir araya gətirilərək müasir innovasiya ekosistemi formalaşdırılır. Məqsəd yalnız bilikli gənclər yetişdirmək deyil, eyni zamanda onların ideyalarını real layihələrə, yeni texnologiyalara, məhsullara və iqtisadi dəyərə çevirmək üçün şərait yaratmaqdır.

Dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğı xüsusilə əhəmiyyətlidir. Prezident İlham Əliyevin şəxsən bu layihənin açılışında iştirakı da innovasiya və insan kapitalının inkişafının dövlət siyasətində tutduğu mühüm yeri nümayiş etdirir. Bu, Azərbaycan gəncinə, onun biliyinə, istedadına və gələcəyinə göstərilən etimadın ifadəsidir.

Biz artıq gələcəyin iqtisadiyyatından danışırıq. Bu iqtisadiyyatın əsas sərvəti yalnız təbii resurslar deyil, bilik, texnologiya, yaradıcı düşüncə və insan kapitalıdır. “SABAH.city” də məhz Azərbaycanın bu gələcəyə hazırlığının, ölkəmizin innovasiya və bilik əsaslı inkişaf modelinə keçidinin mühüm nümunələrindən biridir.

Bu baxımdan “SABAH.city” sadəcə yeni bir şəhərcik deyil – Azərbaycanın sabahına qoyulan sərmayədir”.