Balıq ürək və oynaqların sağlamlığını dəstəkləyən, asan həzm olunan zülal, D vitamini və omeqa-3 yağ turşuları ilə zəngin qida məhsulu hesab olunur. SİA xarici mətbuata istinadən xəbər verir ki, lakin bəzi balıq növlərinin, xüsusilə iri ton balıqlarının, yaşlı insanlar üçün müəyyən risklər yarada biləcəyi bildirilir.
Mütəxəssislərin fikrincə, əsas təhlükə iri yırtıcı balıqların orqanizmində civə kimi ağır metalların toplanmasıdır. Uzun ömürlü olan ton balığı zamanla bu toksik maddəni əzələlərində daha çox miqdarda toplaya bilər. Yaş artdıqca qaraciyər və böyrəklərin zərərli maddələri orqanizmdən xaric etmə qabiliyyətinin azalması isə riski daha da artıra bilər.
Civənin orqanizmdə yüksək səviyyədə toplanması yaddaş və diqqət problemləri, koordinasiyanın pozulması, eləcə də ürək-damar sisteminə əlavə yük kimi fəsadlara səbəb ola bilər.
Bununla belə, mütəxəssislər ton balığından tamamilə imtina etməyin vacib olmadığını, əsasən balığın növünə və istehlak tezliyinə diqqət yetirilməli olduğunu bildirirlər.
Belə ki, civə miqdarı nisbətən az olan konservləşdirilmiş zolaqlı ton balığı (skipjack) menyuda saxlanıla bilər. Lakin onun da həftədə bir dəfədən çox istehlak edilməməsi tövsiyə olunur.
60 yaşdan yuxarı insanlar üçün isə sardina, siyənək, skumbriya, kapelin, alabalıq və qızılbalıq kimi kiçik və yağlı balıqlar daha uyğun seçim hesab olunur. Bu balıqlar omeqa-3 yağ turşuları ilə zəngin olmaqla yanaşı, iri yırtıcı balıqlarla müqayisədə toksik maddələri daha az toplayır.
Mütəxəssislər yaşlı insanların həftədə 2-3 dəfə balıq yeməyi qəbul etməsini, hazırlanma üsuluna da diqqət yetirməsini tövsiyə edirlər. Balığın çox yağda qızardılması əvəzinə sobada bişirilməsi, qaynadılması və ya buxarda hazırlanması daha məqsədəuyğun hesab olunur.