Doğum sayı azalmağa doğru gedir. 2023-cü ildə bu göstərici 170 min idisə, 2024-cü ildə 100 minə düşüb. Ümumi doğum sayı 2000-ci ildə 2,2, 2013-cü ildə 2,4 idisə, artıq 2024-cü ildən etibarən 1,6-ya düşüb. Bu o deməkdir ki, artıq millətimiz doğum sayının azalması istiqamətində gedir.
Bu sözləri SİA-ya ixtisaslaşmış həkim, mama-ginekoloq Nailə Əzizova deyib.

O bildirib ki, ümumi doğum sayının azalmasının iqtisadi, tibbi və demoqrafik səbəbləri var. Sadə faktor üzərində qısaca dayanmaq istəyirəm. Məlumdur ki, son illərdə yaşayış xərcləri artmağa doğru gedib. Evlərin qiyməti bahalaşıb, qida və ərzaq məhsullarının, mənzil və təhsil xərclərinin qiyməti artıb. 18 yaşa qədər bir uşağın böyüdülməsi üçün 150-200 min manat tələb olunurdusa, artıq uşağa çəkilən xərc daha da artıb:
“Gənclər ev ala bilmir, ipoteka kreditləri ağırdır. Bütün bu iqtisadi faktorlar doğum sayına mənfi təsir edir.
Doğum sayının azalmasının demoqrafik səbəbləri də var. Məsələn, əvvəl evlənmə yaşı 22 idisə, indi qadınlarda orta evlənmə yaşı 27-dir. Bu yaşın yüksəlməsi də doğumların azalmasına təsir göstərir. Yəni ailə qurmağın gecikdirilməsi daha az uşağın dünyaya gəlməsinə səbəb olur.
Bundan başqa, əhali iş axtarmaq arzusu ilə şəhərlərə köçür, şəhərlərə miqrasiya edir. Bu, urbanizasiyadır. Şəhər tipli yaşam gənclərdə az uşaq sahibi olmaq düşüncəsini formalaşdırır. Buna görə də artıq gənclər çox uşaq dünyaya gətirmək istəmirlər.
Təhsil, karyera və inkişafla bağlı düşüncələr də doğum sayına mənfi təsir göstərir. Qadınlar artıq daha çox təhsilə və karyeraya fikir verir, karyerasını qurur, daha gec ailə qurur. Bu da onların reproduktiv funksiyasına mənfi təsir göstərir.
Təhsil və işlə bağlı əhalinin xarici ölkələrə böyük sürətlə axını da cavan əhalinin sayının azalmasına və nəticədə doğumların azalmasına gətirib çıxarır.
Digər tərəfdən, son illərdə yaranmış epidemiyalar, pandemiyalar və müharibələrin özü də doğum sayının azalmasına səbəb olub. Bununla yanaşı, mental düşüncələr də dəyişib. Əhalinin 90-cı illərdəki “5-6 uşaq doğaram” kimi stereotipi artıq yoxa çıxıb.
Artıq gənclər düşünürlər ki, karyera qurum, təhsil alım, az uşağım olsun, amma həmin az uşağa keyfiyyətli həyat və yaxşı təhsil verə bilim.
Təhsilin ardınca gedən əhalinin ailə qurmasını gecikdirməsi də müəyyən tibbi problemlərə səbəb ola bilir. Yaş artdıqca, xüsusilə 35 yaşından yuxarı qadınlar ailə qurduqda, tibbi mənfi faktorlarla üzləşə bilirlər. Reproduktiv funksiyanın zəifləməsi, mayalanma ilə bağlı problemlər, sonsuzluq və əlavə reproduktiv yardımçı texnologiyalara ehtiyac yaranması da böyük vəsait tələb edir. Bu isə onların uşaq dünyaya gətirmək imkanlarını və ana olmaq arzularını məhdudlaşdıra bilər.
Nəticə etibarilə, yuxarıda sadaladığım iqtisadi, demoqrafik, sosial və tibbi faktorlar Azərbaycanda doğum sayının azalmasına gətirib çıxarır”.
Ayşən Vəli