“İstehlakçıların kiçik mağazalardan iri ticarət mərkəzlərinə yönəlməsinin bir neçə əsas səbəbi var. Burada söhbət yalnız alış-verişdən getmir, istehlakçının vaxtına, rahatlığına, seçim imkanına və alış-veriş təcrübəsinə münasibəti də ciddi rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.
Onun sözlərinə görə, ilk növbədə seçim imkanlarının genişliyi önə çıxır:
“İri ticarət mərkəzində istehlakçı eyni məkanda müxtəlif geyim, elektronika, məişət texnikası, ərzaq, kosmetika və xidmətləri müqayisə edə bilir. Bu, bir neçə ünvana getmək ehtiyacını azaldır və xüsusilə vaxtı məhdud olan insanlar üçün ciddi üstünlük yaradır. İkinci mühüm amil qiymətlərin müqayisə edilməsidir. Böyük mağazalar və şəbəkələr kampaniyalar, endirimlər, bonus proqramları, taksit və digər ödəniş imkanları təqdim edir. İstehlakçı məhsulun qiymətini və şərtlərini daha asan müqayisə etdiyi üçün alış qərarını daha rahat verir. Etibar məsələsi də vacibdir. İri ticarət şəbəkələrində məhsulun qaytarılması, zəmanət, çek, servis və istehlakçı hüquqlarının qorunması ilə bağlı prosedurlar daha aydın olur. Xüsusilə bahalı məhsullarda istehlakçı üçün satıcının etibarlılığı qiymət qədər əhəmiyyətli ola bilir.
Digər tərəfdən, ticarət mərkəzləri alış-verişi müəyyən mənada sosial və əyləncə fəaliyyətinə çevirib. Restoranlar, kafelər, kinoteatrlar, uşaq əyləncə zonaları, parkinq və digər xidmətlərin eyni məkanda olması ailələr üçün əlavə rahatlıq yaradır. İnsan bəzən konkret məhsul almaq üçün deyil, vaxt keçirmək üçün ticarət mərkəzinə gedir və alış-veriş həmin prosesin bir hissəsinə çevrilir.
Kiçik mağazaların isə hələ də ciddi üstünlükləri var. Onlar məhəllə yaxınlığında yerləşir, gündəlik ehtiyacların sürətli ödənilməsini təmin edir və bəzi hallarda müştəri ilə daha fərdi münasibət qururlar. Xüsusilə ərzaq və gündəlik tələbat məhsullarında evə yaxınlıq amili böyük üstünlükdür. Məncə, burada əsas dəyişiklik istehlakçının davranışındadır. İnsanlar artıq yalnız harada ucuzdur haqqında düşünmürlər. Harada daha çox seçimim var, vaxtıma qənaət edirəm, ödənişi rahat edirəm və problem yarananda hüquqlarım daha yaxşı qorunur? sualları da alış qərarına təsir edir.
Ona görə kiçik mağazaların iri ticarət mərkəzləri ilə rəqabətində əsas məsələ yalnız qiymət deyil. Yaxınlıq, sürətli xidmət, məhsul çeşidi, rəqəmsal ödəniş, çatdırılma, müştəriyə fərdi yanaşma və etibar kimi üstünlüklər kiçik biznesin əsas rəqabət alətlərinə çevrilir”.